Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb

Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb

Bu gün səhər saatlarında Fransanın cənub-şərqindəki Sahilyanı Alp (Alpes-Maritimes) bölgəsində irimiqyaslı elektrik kəsilməsi baş verib və Kann şəhəri kinofestivalın bağlanış mərasiminə bir neçə saat qalmış işıqsız qalıb.

“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, regionun qərb hissəsində irimiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Enerji xidmətləri fəsadların aradan qaldırılması üzərində işləyir. Səlahiyyətlilər vətəndaşları hərəkətdə olarkən diqqətli olmağa çağırıb.

KİV yazır ki, elektrik kəsintisi yerli vaxtla səhər saat 10 radələrində başlayıb. Qəzaya səbəb “Enedis” şəbəkəsindəki nasazlıq olub.

İnsident Kann Film Festivalına da təsir edib. Hadisə yerində olan jurnalistlərdən birinin verdiyi məlumata görə, yoxlama prosesi müvəqqəti olaraq dayandırılsa da, sonradan bərpa edilib. Təşkilatçılar Festivallar Sarayında film nümayişlərinin ehtiyat generator sayəsində davam etdirildiyini açıqlayıb.

Kann bələdiyyəsi enerji təchizatının gündüz saatlarında bərpa ediləcəyinə ümid edir. Enerji kəsintisinə görə işıqforlar işləmir, yollarda hərəkəti şəhər polisi tənzimləyir.

Şəhərdə internet də kəsilib. Məlumata görə, internet kəsintisi Kanndan 10 km aralıda yerləşən Antib şəhərinə qədər uzanıb.

Kann Film Festivalının bağlanış və mükafatlandırma mərasimi bu gün axşam Festivallar Sarayında keçiriləcək.

"Cebheinfo.az"