Yağ qabından gitara düzəldən Natiq Acun Ilıcalıdan dəvət alıb

Yağ qabından gitara düzəldən Natiq Acun Ilıcalıdan dəvət alıb

Natiq Mehbullayevin 38 yaşı var.

Uşaqlıqdan musiqiyə həvəsi olsa da, imkansızlıqdan və ailəsində kimsənin ona dəstək olmaması səbəbindən o öz istəklərinin ardınca gedə bilməyib.

"Cebheinfo.az"  PhotoStock.az-a istinadən xəbər verir ki, hələ məktəbdə oxuduğu vaxtlardan ağır işlərdə çalışan Natiq Mehbullayev ailəsinə dəstək olmaq məcburiyyətində olduğu üçün təhsilini də davam etdirə bilməyib.

Yağ qabından düzəltdiyi gitaranı hazırlamazdan əvvəl o, tikintidə fəhlə işləyirmiş. Natiq Mehbullayevin sözlərinə görə, işlədiyi zaman gözü böyük bir yağ qabına sataşıb və qərara gəlib ki, həmin qaba səsgücləndirici və digər şeylər əlavə edərək gitara hazırlasın. Beləliklə, heç bir dəzgahdan istifadə etmədən iki günə həmin gitaranı ərsəyə gətirib.

Düzəltdiyi aləti sosial şəbəkədə paylaşan Natiq əvvəlcə hər kəsin onu tənqid edəcəyini düşünsə də, gözlədiyinin əksi olub və bu alət hər kəsdə böyük maraq yaradıb. O, qısa zaman ərzində məşhurlaşıb, bundan sonra onu toylara dəvət etməyə başlayıblar.

Natiq bildirib ki, hazırladığı bu alətə görə məşhur teleaparıcı Acun Ilıcalı onu Türkiyəyə -"Yetenek sizsiniz" müsabiqəsinə dəvət edib.

"Cebheinfo.az"