İranda böhran daha da dərinləşir

İranda böhran daha da dərinləşir

Tehranda keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Konfransında çıxış edən İran Prezidenti Məsud Pezeşkian ölkədə işıqların kəsilməsinə səbəb olan enerji problemlərini həll etməyə çalışdıqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Pezeşkian ölkədə həddindən artıq enerji istehlakının olduğunu qeyd edib.

O, vətəndaşlardan bu məsələdə dəstək istəyib:

"Qiymət trendi belə olmayacaq. Pulsuz elektrik enerjisi verəndə onun dəyəri bilinmir".

Tehrandakı çıxışında bərpaolunan enerji mənbələrinə üstünlük veriləcəyini bildirən Pezeşkian əlavə edib:

"Fosil yanacaq (kömür, neft və təbii qaz kimi...) istifadəsini azaltmalı və təmiz enerji mənbələrinə yönəlməliyik".

O, enerji böhranının əsas səbəblərindən birinin də qeyri-rasional istehlak olduğunu vurğulayıb:

"Statistikaya əsasən, bir çox Avropa ölkələrindən 6 dəfə daha çox elektrik enerjisi istifadə edirik. Əgər insanlar bu məsələdə daha dəstəkverici olsalar, vəziyyəti düzəldə bilərik".

Pezeşkian həmçinin, "Əgər inkişaf etmiş bir ölkə olmaq istəyiriksə, mütləq günəş enerjisinə yönəlməliyik", deyib. 

Digər tərəfdən, Tehranda su israfı ilə seçilən bəzi dövlət idarələrinin su təchizatının dayandırıldığı barədə məlumat verilib.

Dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahib ölkələrindən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, infrastruktur sahəsindəki çatışmazlıqlar və sürətlə artan enerji tələbatı səbəbindən ciddi enerji böhranı yaşayır.

Ölkədə enerji qənaətinə yönəlik tədbirlərin son aylarda daha geniş vüsət aldığı qeyd olunur.

Xüsusilə isti havalarda kondisionerlərin istifadəsinin artması nəticəsində enerji tələbatının pik həddə çatması ilə əlaqədar olaraq, hökumət təkrar-təkrar vətəndaşları resurslardan səmərəli istifadə etməyə çağırır.

Əfsanə 
"Cebheinfo.az"