AKİ-də yeni mövsüm başlayır

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) premyeralar mövsümünə başlayır.
Bu barədə Cebhe.info-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, ittifaqın əsas prioritet məsələlərindən biri də peşəkar tamaşaçı kütləsi formalaşdırmaqdır:
"İttifaq hər il yerli, eyni zamanda, xarici filmləri də yerli tamaşaçılar üçün əlçatan edir. Oktyabr ayında “Visla” Polşa Film Festivalı ilə Polşa film günlərinə start veriləcək və proqram çərçivəsində 6 tammetrajlı yeni bədii film nümayiş olunacaq.
Noyabr ayında İsveç səfirliyi ilə əməkdaşlıq çərçivəsində 4 tammetrajlı bədii film nümayiş olunacaq. Sənədli film həvəskarlarını da bu payız unutmadıq və dekabr ayında “CineDoc” beynəlxalq sənədli film festivalı ilə əməkdaşlıq çərçivəsində 3 gürcü tammetrajlı sənədli filmləri nümayiş olunacaq. Bunlarla yanaşı “Azərbaycanfilm” studiyasının 100 illik yubileyi çərçivəsində “Yeddi oğul istərəm”, “İnsan məskən salır” filmlərinin nümayişi planlanır.
Qeyd edək ki, nümayişlər “Azərbaycan” CinemaPlus-da baş tutacaq və giriş sərbəstdir.
Xatırladaq ki, bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə, AKİ klassik filmlərə də xüsusi yer ayırıb.
Arif Babayevin “Gün keçdi”, Andrey Tarkovskinin “Güzgü”, Oktay Mir-Qasımın “Günaydın, mələyim”, Nikita Mixalkovun “Şahidsiz” və daha başqa filmlərin nümayişi təşkil edilib.
Günay Şahmar
Cebhe.info