Həmkarlarının qalmaqalına o da qoşuldu: “Üzr istəyib istefa versin”

Akademik Milli Dram Teatrının (AzDrama) bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Məsmə Aslanqızı arasında ciddi qalmaqal yaşanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Əməkdar artist, 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızı sosial şəbəkədəki paylaşımında M. Ələkbərzadə ilə görüşdüyünü bildirib.
O, “Azdrama” rəhbərinin görüşdə “20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” kimi sözlər işlədərək şəhidləri təhqir etdiyini iddia edib.
M. Ələkbərzadə isə sosial şəbəkə hesabında M.Aslanqızının dediklərini təkzib edib və aktrisanın ondan ev tələb etdiyini söyləyib:
“Mütəmadi olaraq teatrda sözü olan, istəyi, yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edir, arzularını bildirirlər, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. Evi müsadirə ilə əlindən çıxıb (bu mövzu şəhid ailəsinə yaraşmayan əməlin nəticəsidir deyə açıqlamıram). Dedi ki, sizdən ev istəyirəm, teatr məni evlə təmin etməlidir. Anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. Dedi ki, o zaman 20 Yanvar şəhidinin qızı kimi mənə ev verdirin, siz məsələni həll etməlisiniz. Təkid etdi.
Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm: Hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən teatrın bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq, bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir.
O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə... Az-çox yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var” silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi.
Ən azı sözlərimin izahı üçün arxivlər var! Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim, araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.
Uzun illərdir Türkiyədə yaşayan tanınmış azərbaycanlı aktrisa Məlahət Abbasova da qalmaqalın mərkəzində yer alıb. Belə ki, o, sosial şəbəkə hesabında M. Aslanqızına dəstək nümayiş etdirib. Baş verənləri teatr adına “qara ləkə” adlandıran aktrtisa Ələkbərzadəni şəhid ailələrindən üzr istəməyə və istefa verməyə çağırıb:
“Canım Məsmə, atan şəhid Aslan Ağaverdiyev başda olmaqla 20 yanvar günü vəhşicəsinə öldürülən 143 şəhidimiz başda olmaqla, vətənimizin torpaqları üçün canlarını fəda edən, doğma bibim oğlu və yaxınlarımın da şəhid olduğu bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
“Azdrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərimizin ruhunu belə tərbiyəsizcəsinə təhqir etməsi qəbuledilməzdir. Layiq olmadığı vəzifəsindən istefa verərək milli teatrımızda, bundan əvvəl çalışdığı Yuğ, Gənc Tamaşaçılar teatrlarında sənət dostlarıma repressiya dönəmini yaşadan, kimlərinsə adından istifadə edərək hədə-qorxu gələn, söyən, qışqıran (illər əvvəl onun kişi söyüşlərinə cavab verən kişi aktyorumuzu təhdid etdirmişdi) birinin milli teatrımızın rəhbərliyində olması teatr adına qara ləkə, utandırıcı vəziyyətdir.
30 ilini, canını teatra qoyan, kiçik bir dəstəyin üçün yanına gələn sənət adamına qışqırmaq, təhqir etmək, telefonunu alıb “səsimi yazmağa gəlmisən?“ deyib yerə çırpmaq bir teatr rəhbərinə yaraşarmı?
Üstəlik, şəhidlərimizə dil uzadırsan. Kimsən sən? 20 Yanvar faciəsi şəhidlərinə dil uzatmaq sənin həddin deyil! Teatrımız dövlətindir. Sənət insanları sənin kölən deyil. Uşaqlıq travmalarının günahkarı onlar deyil. İnanıb səni o vəzifəyə gətirənləri pis vəziyyətdə qoymağa haqqın yoxdur. Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar faciəsi, Qarabağ şəhid ailələrindən, qazilərimizdən, dövlətimizdən, xalqımızdan, otağında təhqir etdiyin Məsmə Aslanqızından üzr istə”.
"Cebheinfo.az"