Azərbaycanda ekologiyanın qorunması: Prioritet sahədir

Ekologiya bir ölkə üçün ən vacib elementlərdən biridir. Təmiz ətraf-mühitin olması eyni zamanda sağlam cəmiyyətin formalaşması deməkdir. Bu baxımdan, ekologiya hər bir dövlət üçün əsas prioritet məsələlərdəndir. Zaman-zaman ekloji baxımdan müxtəlif problemlər gündəmə gəlir. Xüsusilə də yaşıllıqların məhv edilməsi, məişət tullantılarının nizamsız, müxtəlif bölgələrdə çay sularına atılması bu istiqamətdə ciddi problemlərə səbəb olur. Dövlət bu kimi problemləri aradan qaldırmaq üçün ciddi işlər görür.
Ölkəmizin mühüm beynəlxalq tədbirə hazırlaşdığı bir zamanda ekoloji məsələlərin həlli istiqamətində mühüm işlər görülür. Məsələn, təkcə Nərimanov rayonunda yeni salınacaq parkın ərazisi 30 hektar olacaq. Eyni zamanda Bayıl istiqamətində böyük layihələr həyata keçirilir.
Hazırda ölkənin ekoloji durumunu qənaətbəxş hesab etmək olarmı?
Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, son 30 ildə Azərbaycanda ekoloji problemlər artıb. Bunun bir səbəbi işğalla bağlıdırsa, qalan səbəblər özümüzün yaratdığımız problemlərdir:
“1993-cü ildən 2020-ci ilə qədər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi ermənilər tərəfindən ciddi ekoloji terrora məruz qalıb. Regionun ekosisteminə ciddi şəkildə zərbələr vurulub. Əsas içməli su qaynağımız olan çaylarımız çirkləndirilib, ərazilərimizin bir qisminə minalar basdırılıb. Məlumata görə, işğalda olan torpaqlarımız 1,5 milyon piyada və hərbi texnika əleyhinə minalar basdırılıb.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Böyük Qayıdış başlayıb. Lakin minalı ərazilər üzündən tikinti-quruculuq, bərpa işləri ləngiyir. İlk növbədə torpaqlarımız minalardan təmizlənməlidir. Bu problemlərə görə yüz hektarlarla əkinə yararlı torpaqlarımız istifadəsiz qalıb. Bundan başqa, 30 ildə Azərbaycanın işğalda olan əraziləri dəfələrlə yandırılıb, meşə zolaqları məhv edilib. Hərbi əməliyyatlarda, mina, mərmi partlayışı səbəbindən torpağın münbit üst qatı zədələnib. Ermənistanın dağ-mədən sənayesi müəssisələri bu gün də içməli su qaynağımız olan çayları zəhərləməkdə davam edir. Ermənistan tərəfindən çirkləndirilən Oxçuçay, Bərgüşad, Araz, Arpa çay Xəzəri çirkləndirir.
Nəticədə adıçəkilən su hövzələrinin flora və faunasına ciddi zərər dəyir. Ətraf mühit, əkin sahələri çirklənməyə məruz qalır. Bütün bunlar ölkəmizin ən böyük ekoloji problemlərindəndir. İri şəhərlərdə yaşıllıq zolaqlarının kəsilməsi, Bakı, Gəncə, Sumqayıt, Xırdalan və digər şəhərlərin “betonlaşması”, nəqliyyat vasitələrinin çoxalması, tıxaclar da ekoloji mühiti korlayan faktorlardır. Bütün problemlərdən çıxış yolu var. Yetər ki, problemi yaradan səbəblər dəqiq öyrənilsin. Abşeron yarımadasına daxil olan iri şəhərlərdə “göydələn” tikintisi qəti surətdə dayandırılmalıdır. Nəqliyyat infrasturukturu yenidən qurulmalıdır. Bu prosesdə yaşıl texnologiyalara əsaslanmaq lazımdır.
Bakıda tramvay, qəsəbələrarası marşrutlar üzrə elektrik qatarları şəbəkəsi yaradılmalıdır. Şəhərsalma planında “Stalinka”, “Xruşşovka” adlanan binaların, “Kubinka”, “Papanin” adlanan ərazilərin söküntüsü var. Yaxşı olar ki, həmin bina və tikililərin yerində yeni binalar tikilməsin. Ərazidə istirahət parkları salınsın, ağaclar əkilsin. Ən vacib nüansı qeyd edim. Məktəb, uşaq bağçalarının, binaların həyətlərində ağaclıqlar var. Onların çox baxımsız qalıb. Yaşıllaşdırma idarələr, MKİS-lər (“JEK”) təcili qərarlar qəbul etməli, o ağaclıqlar xilas edilməlidir. Onlar çoxillik ağaclardır”.
E.Cəfərli əlavə edib ki, daha bir problem məişət tulılantılarının idarə olunması ilə bağlıdır:
“Bakıda bu problem qismən həllini tapıb. Daha MKİS-lər məişət tullantılarını ərazidə, binaların yaxınlığında yandıra bilmirlər. Tullantılar təkrar emal üçün Balaxanıya aparılır. Amma regionlarda bu problem həll edilməmiş qalır. Yaxşı olar ki, Yevlaxda və ya Gəncədə məişət tullantılarının təkrar emalı müəssisələri yaradılsın. Ən azı bölgələrdə məişət tullantılarının qəbul məntəqələri olmalıdır. Yerlərdə bələdiyyələr bu problemi özünəməxsus qaydada “həll edir”. Məişət tullantıları ya çay yataqlarına atılır, ya da yerə qazıb basdırılır.
Növbəti məsələ su ehtiyatlarının düzgün idarə olunması ilə bağlıdır. Fikrimcə, bu gün əsas problem içməli suyun suvarmada itkiyə getməsidir. Azərbaycan onsuz da içməli su ehtiyatları az olan ölkədir. Bu azmış kimi, suvarma kanalları hələ də torpaq zəminlidir. Torpaq zəminli kanallarda daşınan suyun 40 faizi itkiyə gedir. Beton zəminli kanallarda isə itki xeyli azalır. Sovet dövründə çəkilmiş kanalların rekonstruksiyasına ehtiyac var. Bu məsələ su anbarlarına da aiddir. Xüsusən işğaldan azad olunuş ərazilərdəki su anbarlarında bərkitmə və yenidənqurma işləri aparılmalıdır”.
Vilayət Muxtar
“Cebhe.info”