150 illik Azərbaycan mətbuatı: Dövlətçiliyin keşiyindəki müsəlləh əsgər

Böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də əsası qoyulan “Əkinçi” qəzetinin nəşri ictimai əhəmiyyətinə görə böyük tarixi hadisələrdən biridir.
Bununla Azərbaycan ictimai-siyasi həyatında yeni bir dövrün əsası qoyulub, mədəni tərəqqinin genişlənməsinə təkan verilib. Azərbaycan dilində yayımlanan ilk milli qəzetimiz olan “Əkinçi”-nin 1875-ci ildə başlayan fəaliyyəti cəmi iki il çəksə də, milli mətbuatımızın formalaşmasında mühüm rol oynayıb. “Əkinçi” təkcə mətbuat tarixi kimi yox, bir sıra məsələlərə görə də xalqımızın ictimai həyatında yeni bir dövrün başlanğıcıdır.
Azərbaycan dilinin qorunması və inkişafı, dilimizin qrammatik əsaslarının yazılı tətbiqi, onun rəsmi statusunun formalaşması baxımından da bir məktəb olub. Jurnalistikanın və jurnalistin peşə prinsiplərinin sistemləşməsi, milli ziyalılar nəslinin formalaşmasında da mühüm rol oynayıb.
“Əkinçi”-nin nəşri publisistikanın inkşafı ilə milli ədəbiyyatımızın formalaşmasında da əvəzsizdir. O dövrün böyük maarifçiləri, ziyalıları mətbuatda müxtəlif janrlarda çıxışlar edərək, ədəbiyyatımıza da töhfə veriblər.
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və digər ziyalılarımıza xalqın maariflənməsi, tərəqqisi, elmin, mədəniyyətin, ədəbiyyat və incəsənətin təbliği istiqamətində yeni imkanlar açılıb, onlara mühüm bir ictimai tribuna verilib. Beləliklə də, jurnalistikamızda olduğu kimi, fikrimizdə, şüurumuzda, ictimai düşüncəmizdə, milli ədəbiyyatımızda da yeni bir mərhələ başlayıb.
Qəzetlərdə və jurnallarda dərc edilən felyeton, satirik şeirlər və miniatürlər ədəbiyyatda bu janrların təşəkkülündə mühüm rol oynayıb.
“Əkinçi” qəzeti sonrakı illərdə Azərbaycanda çoxsaylı qəzet və jurnalların nəşri üçün istinad, təməl rolunu oynayıb. Prosesin dinamikası XIX əsrin sonu - XX əsrin əvvəllərində nəşr olunan “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Təkamül”qəzetləri, “Füyuzat” məcmuəsi, “Molla Nəsrəddin” jurnalı və digər mətbuat vasitələri üçün bir mayak olaraq, yalnız Azərbaycanda deyil, bütünlükdə Cənubi Qafqazda mətbuatın inkişafına təkan verib.
Müstəqil Azərbaycan Cümhuriyyətinin işğalından sonra, 1920-ci ildən başlayan Sovet dövründə Azərbaycan mətbuatı kommunist ideologiyası çərçivəsində fəaliyyət göstərsə də, öz inkişafını davam etdirib.
Dövrün tələbinə uyğun siyasi senzura mövcud olsa da, milli mətbuatın inkişafı prosesi dayanmayıb və mətbuat cəmiyyətin gündəlik həyatında fəal yer tutub. Nə qədər çətin olsa da, bütün bu illər ərzində mətbuat xalq arasında öz populyarlığını qoruyub saxlaya bilib.
Hətta 1956-cı ildə Azərbaycanda televiziyanın fəaliyyətə başlaması belə bunun qarşısını ala bilməyib və mətbuat yenə də ictimai düşüncənin mərkəzində olub.
Amma milli mətbuatımızın daha çeşidli və sürətli inkişafı dövlət müstəqilliyimizi qazandıqdan sonra başlayıb. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra milli mətbuatın inkişafında yeni bir mərhələ açıldı. Müstəqil Azərbaycanda plüralizmə, demokratik dəyərlərə əsaslanan tamamilə yeni mətbuat təcrübəsi yayılmağa və inkişaf etməyə başladı. Təbii ki, bu dövrün də özünəməxsus problem və çətinlikləri olub.
Mövcud siyasi senzura bu prosesin daha da dərinləşməsinə, söz və fikir azadlığının tamamilə bərqərar olmasına imkan vermirdi. Mətbuatı narahat edən əsas məsələ Sovetlər dövründən qalan siyasi senzuranın ləğvi və azad mətbuatın formalaşması ilə yeni bir mərhələyə keçid edilməsi idi.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil mətbuatın inkişafı və fəaliyyətində yeni bir dövr açdı. Bununla da Azərbaycanda söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm addım atıldı.
Mərhum Prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə hər zaman mətbuata xüsusi diqqət və qayğı hiss edilib, şəxsən Prezident özü jurnalistlərlə sıx təmasda olub, onların problemlərini dinləyib və bu problemlərin həll olunması ilə bağlı müvafiq göstərişlər verib.
Heydər Əliyevin Azərbaycan mətbuatının formalaşmasında, mətbuatın müstəqilləşməsində xüsusi rolu var. 2000-ci illərin əvvəlində qəzetlərin maliyyə resursları imkan vermədiyindən, nəşr olunduqları nəşriyyata böyük məbləğdə borc yaranmışdı. Onun göstərişi ilə bu borclar silindi və milli mətbuatımız ayaqda dura bildi. Bütün bunlar göstərir ki, Azərbaycan mətbuatı hər zaman dövlətin qayğısını öz üzərində hiss edib.
Bu gün də müstəqil mətbuatımız dövlətin, şəxsən cənab Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərində hiss edir. Yəni, Azərbaycan mətbuatının inkişaf etdirilməsi istiqamətində islahatlar, ona dövlət dəstəyi sonrakı illərdə də davam etdirilib.
Aparılan islahatlar, medianın inkişafı ilə bağlı həyata keçirilən proqram və məqsədyönlü tədbirlər öz bəhrəsini verir.
Azərbaycan mediası da hər zaman dövlətin yanındadır. Milli və dövlətçilik məsələlərində prinsipiallıq nümayiş etdirir. 44 günlük Vətən müharibəsi zamanı mediamız da müsəlləh əsgər kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək, haqlı qələbəmizin şərəf tarixinə öz imkanları daxilində dəstək verdi. Bu gün də özünü Müzəffər Ali Baş Komandanın əsgəri hesab edir və bu qələbə mətbuatımızın da inkişafına impuls verib.
Həyata keçirilən islahatlar, görülən işlər, Vətən müharibəsindəki qələbəmizdən sonra medianın da inkişafında yeni bir çağ başlanıb.
Azərbaycanda media haqqında yeni qanun qəbul edilib və beynəlxalq təcrübəyə uyğun müasir qanunvericilik bazası yaradılıb.
Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyinin yaradılması və onun fəaliyyəti, jurnalistlər üçün keçirilən müxtəlif peşə, bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlər mətbuata dövlət qayğısının davam etməsinin bariz nümunəsidir.
Bütün bunlar Azərbaycan mediasının inkişafı və müasir beynəlxalq standartlara cavab verən, rəqabətədavamlı media quruluşlarının yaranması üçün dövlət tərəfindən həyata keçirilən islahatların tərkib hissəsidir.
MEDİA-nın fəaliyyətə başlaması ilə jurnalistlərin, müasir texnologiyalar üzrə mütəxəssislərin peşə biliklərinin artırılması, müasir tələblərə cavab verən bacarıqların öyrənilməsi istiqamətində geniş imkanlar əldə edilib.
Bu gün “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media üçün yol yeni xəritəsi, mətbuatımız üçün üçün yeni mərhələyə keçid, jurnalistlər üçün yeni imkanlar baxımından mühüm rol oynayır.
Media reyestrinin tətbiqi ilə mətbuat tariximizdə uzun illər yaşanmış xaos dövrü aradan qaldırıldı. Bir zamanlar müəyyən mənada cəmiyyət tərəfindən qəbul edilməyən mətbuat yeni yanaşmalardan, peşəkarlığın artırılması üçün həyata keçirilən təlim və tətbiqlərdən sonra ictimai fikrin ciddi qəbul etdiyi subyektlər sırasında aparıcı yerini bərpa etdi. Bununla da real mediapsevdo mediadan ayrıldı.
Yeni meyarlar jurnalistikada peşə kodeksinə əməl olunmasına, peşə əxlaqının oturuşmasına, qərəzsiz və obyektiv media quruluşlarının formalaşmasına səbəb oldu.
Reallıqdır ki, müasir medianın qərəzsizliyi, obyektivliyi və müstəqilliyi ilə ciddi irəliləyişlər əldə edilib. O cümlədən, iqtisadi və sosial yanaşmalarda da dövlət tərəfindən müvafiq dəstək göstərilir. Bu gün vergi güzəştləri tətbiq edilir, müxtəlif iqtisadi alətlərlə medianın inkişafı üçün münbit şərait yaradılır.
Xüsusi qeyd etmək lazımdır ki, internetin və müasir texnologiyaların indiki inkişaf mərhələsində çap mediasının qorunub saxlanması üçün ayrı-ayrı media subyektlərinə göstərilən dəstək mediaya dövlətin ən böyük qayğısıdır.
Bu il milli mətbuatımızın 150 illik yubileyi qeyd edilir. Bu yubileylə bağlı da dövlətin dəstəyi və qayğısı göz önündədir. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı yüksək səviyyəli müxtəlif tədbirlər hazırda davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalının təsis edilməsi təşəbbüsü mətbuatımıza, bu sahədə fəaliyyət göstərənlərə, jurnalistlərə xüsusi diqqət və qayğı, Azərbaycan jurnalistikasına, media sahəsində çalışan insanların əməyinə verilən ən böyük dəyər və qiymətdir.
Bütün bunlar göstərir ki, Azərbaycanda mətbuatımızın keçdiyi tarixi və şərəfli yol hər zaman dövlətin diqqət mərkəzindədir.
“Cebhe.info” Analitik Qrupu