AKP-li deputat: "Onların tək hədəfi Ərdoğanı devirməkdir" - EKSKLÜZİV MÜSAHİBƏ

AKP-li deputat: "Onların tək hədəfi Ərdoğanı devirməkdir" - EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyədə 14 mayda keçiriləcək seçkilər siyasi gündəmin əsas mövzusudur.

Son zamanlar “Millət İttifaqı”nda təmsil olunan partiya sədrlərinin açıqlamaları birmənalı qarşılanmadı və xeyli müzakirələrə səbəb oldu. Həmçinin, seçkidən sonra Türkiyəni nələrin gözlədiyi, inflyasiya və digər məsələlərin necə həll olunacağı da gündəmin əsas mövzularındandır. Xalqların Demokratik Partiyasının qapatılıb-qapatılmayacağı, İstanbulda yenidən seçkilər keçirilib-keçirilməyəcəyi və rəsmi Ankaranın qlobal məsələlərdəki rolu da öz aktuallığı ilə seçilən məqamlardır.

Bütün bunlar və digər mövzuları Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında müzakirə etdik. Qonağımız hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Mehmet Ərdoğandır.

- Sosial şəbəkələrə baxsaq, “Millət İttifaqı” çox güclü görünür. üstəlik Türkiyənin indiki müxalifəti son illərin ən güclü müxalifəti hesab olunur. Amma son zamanlar onlar arasında da müəyyən fikir ayrılıqları olduğu deyilir. İqtidar cəbhəsindən baxanda “altılı masa”da baş verənləri necə dəyərləndirirsiniz?

- “Altılı masa” adlandırdığımız müxalifət ittifaqında 6 fərqli fikir var. Hazırda 6 ayrı düşüncə tərzinin sahibləri bir araya gəliblər. Onlar həm ideoloji, həm də düşüncə tərzi olaraq bir-birindən çox fərqlidirlər. Həmçinin, partiyalarının dünyagörüşü və nizamnamələri də bir-birindən xeyli fərqli olan 6 nəfərdən ibarət bir koalisiya formalaşıb. Onların tək hədəfi Rəcəb Tayyib Ərdoğanı devirməkdir. Amma devirdikdən sonra nələr edəcəkləri ilə bağlı isə heç nə ortaya qoya bilməyiblər. Ortaya qoyduqları tək şey Prezidentin aldığı hər qərarda və atdığı hər addımda masadakı 6 partiya liderinin də imzasının olmasıdır. Əgər o liderlərdən biri istəməsə, Prezident heç bir qərar qəbul edə bilməyəcək.

Deyək ki, onların namizədi seçildi, amma həmin Prezident ilk ağlına gələn ideyanı reallaşdıra bilməyəcək. Çünki 6 ayrı fikir var və heç biri bir-birinə bənzəmir. Buna görə də “Millət İttifaqı”nda ciddi problem yaşanır. Artıq 1 ildən çoxdur ki, prezidentliyə namizədlərini müəyyən edə bilməyiblər. Hətta “Millət İttifaqı”nda daxil olmayan bəzi partiya sədrləri deyir ki, bu masa artıq gülünc vəziyyətə düşüb. Yəqin ki, namizədlərini seçkidən sonra açıqlayacaqlar. Yəni masada belə ciddi problemlər var.

- Bəs seçkidən sonra bizi necə Türkiyə gözləyir? Rəcəb Tayyib Ərdoğan yenidən seçilcəcəyi təqdirdə nələri dəyişəcək?

- Bunun üçün Rəcəb Tayyib Ərdoğanın indiyə kimi etdiklərinə baxmaq lazımdır. Ərdoğan 20 illik keçmişi ilə çox fərqli bir ölkə meydana gətirib. O, iqtidara gəlmədən öncə Türkiyə məmur maaşlarını belə ödəyə bilmirdi. Hətta o dönəmki iqtidar ən son məmur maaşlarını Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı borcla ödədi. Daha sonra qarşıdakı ayda yenə də borcu ödəyə bilməyəcəklərini gördülər və erkən seçkiyə getdilər. Yəni Türkiyənin bankları batmış, 26 bank fonda təhvil verilmiş və ölkənin iqtisadiyyatı çökmüşdü. Tam da bu vəziyyətdə Rəcəb Tayyib Ərdoğan iqtidarı Türkiyəni təslim aldı.

Bu gün isə Türkiyənin xəzinəsindəki pulu 130 milyard dollara çatır. Həmçinin, ölkənin hər yerində binalar tikilir, bütün vilayətlərdə hava limanları, universitetlər və akademiyalar açılır. Türkiyənin 70 ildir ləğv edilən dəmir yolları yeniləndi və sürət qatarları istismara verildi. Ölkədə yeni körpülər inşa edilərək, nəqliyyatda yükünü xeyli asanlaşdırıldı. Marmara layihəsi və Avrasya Tuneli inşa olundu. Ən önəmlisi isə Türkiyənin müdafiə sənayesinin sadəcə 20 faizi milli ikən, bu rəqəm 80 faizə yüksəldi.

Türkiyə regionda da ciddi bir sabitlik yaradıb. Liviya və Qarabağda etdiklərimiz buna bariz nümunədir. Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə birlikdə prosesə müdaxiləsi və Türkiyədə istehsal olunan PUA-ların Qarabağda çox uğurlu işlərə imza atması ilə birlikdə Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olundu. Türkiyə həm də dünya ölkələri arasında regionun liderinə çevrildi. Bütün bunların hamısı Rəcəb Tayyib Ərdoğanın sayəsindədir. Amma hələ də yarım qalan işlər var. Bunları isə Ərdoğandan başqasının edə bilməyəcəyi çox bəllidir. Müxalifət “Biz gəlsək PUA-lara toxunarıq, onlara ehtiyac yoxdur. Biz müharibəyəmi gedirik” kimi sözlər deyir.

Görünür, onlar hələ də müstəqilliyin və azadlığın nə olduğunun fərqində deyillər. Problem də məhz buradadır. Bildiyiniz kimi, Türkiyədə 15 iyun 2016-cı ildə çevrilişə cəhd oldu. Əslində bu, işğal cəhdi idi. Əgər onlar istəklərinə nail olsaydılar, İstanbulu ayrı bir dövlət edəcəkdilər. Həmçinin, Naxçıvana yaxın olan bölgədə yeni bir erməni dövləti, Türkiyənin cənub-şərqində isə PKK üçün bir dövlət qurmaq niyyətləri var idi. Yəni xarici qüvvələrin belə oyunları regionun üzərində varkən, Türkiyənin artıq qeyri-stabil bir hakimiyyətə ehtiyacı yoxdur. Çünki belə bir iqtidar gəlsə, ölkə pərişan olar. Amma Rəcəb Tayyib Ərdoğan bütün bunların tədbirlərini alıb və Türkiyənin hansı vəziyyətə gəldiyi bütün dünya tərəfindən təqdirlə qarşılanır.

Ona görə də yeni əsrdə Türkiyənin yeni inkişaf planları və böyük layihələri var. Son dönəmdə isə inkişaf etmiş texnologiyaları var. Bütün bunların həyata keçirilməsində, müstəqil və qonşu ölkələrə faydalı olacaq bir Türkiyəyə üçün Rəcəb Tayyib Ərdoğana ehtiyac olduğunu düşünürəm.

- Müxalifətin iqtidara qarşı ən böyük ittihamı və arqumenti Türkiyə iqtisadiyyatının indiki vəziyyəti və qiymət artımları ilə bağlıdır. İqtidar bu istiqamətdə hansı addımları atacaq?

- Bu gün dünyada inflyasiya ilə boğuşmayan bir ölkə belə yoxdur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və pandemiyadan sonra baş verənlər dünya iqtisadiyyatında durğunluğa səbəb oldu. Türkiyədə də həyat bahalaşır. Amma Türkiyə durğunluq dövrünə daxil olmadı. Əksinə, ölkənin istehsalı artıb. Sadəcə Qaziantepdə 2 ildə 70 yeni fabrika inşa edildi. Çalışan işçilərin sayı 210 mindən 250 minə çatdırıldı. üstəlik, bunlar sadəcə sığortalı çalışanlardır. Türkiyə sənaye yatırımları, inkişaf proqramı və ixracatı ilə dünya ölkələri arasındakı böyümədə həmişə ilk sıralarda yer alır.

Ona görə də ölkəmiz həyat bahalılığı və inflyasiyanın öhdəsindən gələcək vəziyyətdədir. Çünki qiymət artımının qarşısını alacaq ən böyük əngəllərdən biri məhz istehsaldır. Əgər tələbatı qarşılaya bilsəniz, inflyasiya özü yavaş-yavaş aşağı doğru düşər. Fikrimcə, bizdə də artıq bu proses başlayıb. Türkiyə hökuməti 1 il əvvəl 2825 lirə olan minumum əməkhaqqını 8500 lirəyə çatdırıb. Bununla yanaşı, büdcə artımı da davam edir. Təkcə keçən il büdcə artımı 95 milyardı lirəni ötüb. Yəni Türkiyənin bu problemlərin öhdəsindən gəlmək potensialı var və tədbirlərini də alır.

Hökumət xərcləri azaltmır, vətəndaşı artan qiymətlər qarşısına əzdirmir və bununla bağlı istehsal yatırımlarını artıraraq, faizi də dayandırmağı bacarır. Dünyada faizi dayandıran və hətta geriyə çəkən ölkələrin başındayıq. Bunun səbəbi istehsalı təşviq etməkdir. Biz artan qiymətlərin qarşısını alacaq addımlarla irəliləyirik.

- “Cümhur İttifaqı”nın qurucu ortaqlarından Milliyətçi Hərəkat Partiyası (MHP) Xalqların Demokratik Partiyasının (HDP) qapadılmasını təklif edir. AKP-nin bu məsələyə münasibəti necədir? ümumiyyətlə, HDP bağlana bilərmi?

- Bildiyiniz kimi AKP də bir çox dəfə qapadılma riski ilə qarşı-qarşıya qalıb. Keçmişdə isə bir çox partiyalar qapadılıb. Təbii ki, biz prinsip olaraq hansısa partiyanın qapadılmasına qarşıyıq. Ancaq bunun qərarını məhkəmə verəcək. HDP-nin çox ciddi qüsurları var. Çünki onlar heç bir zaman özlərini PKK-dan ayrı görmədi. Hətta HDP deputatları bir dəfə belə PKK-nı günahlandırmadılar. Tam əksinə, terrorçuları müdafiə edirlər. Dünyanın heç bir yerində sizin on minlərlə insanınızı öldürən bir qruplaşmanın partiyası parlamentdə ola bilməz. Bizdə olmasına rəğmən, bu partiya PKK-nı dəstəkləməyə və onlara bağlılığını davam etməkdədir. Biz onların bu hərəkətlərinə müsbət yanaşmırıq. Amma partiyanı qapatmaq məhkəmənin qərarıdır. Cinayət ünsürlərinə baxdığımız zaman qapatmağa yönəlik çox sayda sübut var. Çünki HDP deputatlarının böyük bir qismi dağdakı terrorçularla işbirliyi edirlər. Terrorçuları evlərində saxlayırlar, gizlədirlər və avtomobillərində onları daşıyırlar. Bunlar yetərli dəlillərdir. Nəticədə, AKP bu prosesə birbaşa olaraq daxil deyil və qərarı məhkəmə verəcək.

- Hazırda İstanbulda bir böhran vəziyyətinin yaşandığı müşahidə olunur. Çünki İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs və siyasi fəaliyyətinə qadağa qərarı verilib. Onun daha bir məhkəmədən də bənzər cəzaları almasının ehtimalı var. Əgər İmamoğlunun siyasi fəaliyyətinə qadağa qoyulsa, İstanbulda yenidən seçki keçiriləcək?

- Adi bir vətəndaş məhkəmə üzvlərinə qəliz təhqirlər söyləyəndə və sərt təpkilər verəndə, hansı cəzanı alsa, Əkrəm İmamoğlu da həmin cəzanı alıb. Əlbəttə ki, bu məhkəmə hələ başa çatmayıb və İstinaf məhkəməsi olacaq. Məhkəmələr yekunlaşdıqdan sonra konkret nələrsə demək olar. Amma İstanbulda yenidən seçki keçirilməyəcək. Belə hallarda İstanbul Bələdiyyə Məclisində səsvermə keçirilərək həmin vəzifəyə təyinat olur. Seçkilər isə öncədən müəyyən olunan tarixdə keçiriləcək. Biz də demokratik ölkə olaraq prosesləri bu qaydada həyata keçirəcəyik.

- Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqlik “Şuşa Bəyannaməsi” ilə daha da gücləndi. Türkiyə Ermənistanla münasibətlərinin normallaşdırması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının və İrəvandan Bakının tələblərini yerinə yetirməsini istəyir. Türkiyə hakimiyyəti bu istiqamətdə hansı addımları atacaq?

- Türkiyənin Ermənistandan konkret tələbləri var. Rəsmi Ankara İrəvanın üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri icra etməsini istəyir. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan Azərbaycanla sərhəddə aqressiv mövqeyindən əl çəkməlidir. Hətta Ermənistanın bəzi yerlərdən hələ də çəkilmədiyi görünür. Oralardan çəkilməsi, Bəyanata uyğun hərəkət etməsi və sülh müqaviləsini imzalaması lazımdır. Bunlar olacağı təqdirdə, Türkiyə Ermənistanla sərhədləri açacağını elan edib.

- Son olaraq, Rusiya-Ukrayna müharibəsindən söz açaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə müharibə dönəmində “taxıl dəhlizi” açıldı, tərəflər arasında dəfələrlə əsir mübadiləsi aparıldı. Hətta müharibənin ilk aylarında Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında Türkiyədə görüşün keçiriləcəyi gözlənilirdi. İndiki vəziyyətdə rəsmi Ankara müharibənin dayanması üçün hansı addımları atacaq? Zelenski-Putin görüşü Türkiyədə keçirilə bilər?

- Rusiya-Ukrayna müharibəsi çox böyük mərhələyə qədəm qoymayıbsa, bu, Rəcəb Tayyib Ərdoğanın ikili dialoqlarını hər zaman davam etdirməsi nəticəsindədir. Ərdoğan bu gün belə Zelenski və Putinlə danışıqlarını davam etdirir. Həmçinin, xarici işlər nazirlərimiz və kəşfiyyat xidmətlərimiz də iki ölkə ilə bağlı çalışma və dialoq aparırlar. Biz çalışırıq ki, Rusiya-Ukrayna müharibəsi daha böyük mərhələyə keçməsin. Çünki müharibə uzandıqca, həlak olan insan sayı artır, şəhərlər xarabaya çevirilir və ölkə çox böyük zərərə düşür. Biz Türkiyə olaraq dünyadakı heç bir ölkənin bu vəziyyətə düşməsini arzulamarıq.

Rəcəb Tayyib Ərdoğan indiyə qədər uğurla idarə etdiyi bu prosesi bu gün də eyni şəkildə davam etdirir. Hər nə qədər bir çox ölkə bu müharibənin bitməsini istəməsə də, biz bu müharibəni bitirmək istəyirik. Prezident Ərdoğanın da bütün səyləri də bununla bağlıdır. ümid edirik ki, Zelenski-Putin arasındakı görüş də Türkiyədə keçirilər. Bəlkə bir az çətindir, amma olacaq. Çünki tərəflərin bu müharibəni daha çox davam etdirməməli olduğuna inanırıq.

Elmir Mustafa
Cebhe.info