İrlandiyalı tarixçi: “Müsəlman əhalinin ölümü barədə danışan yoxdur”-MÜSAHİBƏ

İrlandiyalı tarixçi: “Müsəlman əhalinin ölümü barədə danışan yoxdur”-MÜSAHİBƏ

“Qərb dünyasında qondarma erməni soyqırımı ilə bağlı təbliğatın aparılması tarixi həqiqətlərin təhrif edilməsindən irəli gəlir. Bir sıra jurnalistlərin, hətta özünü tarixçi hesab edən şəxslərin erməni təbliğatçılarının bəsit, saxta və cəfəng məlumatlarına inanması təəssüfedici hal doğurur”.

Bu sözləri “Cümhuriyət” qəzetinə müsahibəsində Osmanlı İmperiyası və Qafqaz tədqiqatları üzrə iranlandiyalı tarixçi Patrik Uolş bildirib.

Patrik Uolş öz müsahibəsində Birinci Dünya müharibəsinə aparan siyasi proseslər, həmin müharibə dövründə Şərqi Anadoluda baş vermiş hadisələr, xüsusilə erməni üsyançılarının dinc müsəlmanlara qarşı qətliamları, qondarma erməni soyqırımı ilə bağlı təbliğatların mahiyyəti barədə ətraflı danışıb.

-Cənab Uolş, son 60-70 il ərzində erməni lobbisi və onun havadarları beynəlxalq mediada qondarma erməni soyqırımının təbliğatını aparıblar. Hazırki dövrdə də onlar 1915-ci il hadisələri ilə bağlı yalan və saxta məlumatlar yaymaqda davam edirlər. Zəhmət olmasa, ilk növbədə qondarma erməni soyqırımı təbliğatının mahiyyəti barədə məlumat verərdiniz.

-Dünya miqyasında qondarma erməni soyqırımını təbliğ edən erməni lobbisi hər zaman 1915-ci ildə baş vermiş hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməklə öz məkrli məqsədləri üçün siyasi təbliğatla məşğul olublar. Bu lobbinin ünsürləri Osmanlı dövlətini erməni əhalisinin bilərəkdən məhvində ittiham edirlər. Əslində isə, ermənilərin başına gələn hadisələr Osmanlının ovaxtkı siyasəti ilə heç bir əlaqəsi olmayıb. Bu, birbaşa Birinci Dünya müharibəsinin ağır nəticələrindən qaynaqlanıb. Osmanlı dövlətinin rəhbərliyi hərbi zərurətdən doğan vəziyyətlə əlaqədar erməni əhalisini məskunlaşdığı ərazilərdən dövlətin digər ərazilərinə köçürmək məcburiyyətində olub. Amma erməni lobbisi Osmanlı dövlətinin həmin dövrdə köçürmə siyasətini təhrif edir, beynəlxalq ictimaiyyətdə bununla bağlı yanlış məlumatlar yayırlar.

Eyni zamanda, erməni lobbisi və onun havadarları iddia edirlər ki, guya Osmanlı tərəfindən 1,5 milyon erməni öldürülüb. Ancaq tarixi həqiqətlər onu göstərir ki, müharibə dövründə 660 000 civarında erməni həlak olub. Bu isə müxtəlif səbəblərdən dolayı baş verib. Çox təəssüf ki, Osmanlının ermənilərin məskunlaşdığı ərazilərdə yaşamış müsəlman əhalinin üzləşdiyi itkilər, işgəncələr və ölümlər barədə danışan yoxdur. Müsəlman əhalisinə qarşı törədilmiş qətliamlarda daşnakların rolunu nəzərə almamaq görməzlikdən irəli gəlir.

-Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müxtəlif millətlər – türklər, kürtlər və ermənilər arasında baş vermiş qanlı toqquşmalarda Qərb dövlətləri nə dərəcədə məsuliyyət daşıyırlar?

-Qərb dövlətləri 1915-ci ildə faciəli hadisələrin baş verməsində tam məsuliyyət daşıyırlar və günahkar hesab olunmalıdırlar. Müharibədən əvvəl Almaniya imperiyasının beynəlxalq iqtisadi təsir imkanlarının qarşısını almaq məqsədi ilə Böyük Britaniya Avropada güc balansı siyasətini yenidən nəzərdən keçirməyə məcbur oldu. Britaniya ənənəvi düşmənləri olan Fransa (1904) və Rusiya (1907) ilə qeyri-rəsmi ittifaqlar quraraq Almaniyaya qarşı cəbhə formalaşdırdı. Eyni zamanda, Rusiyanın hərbi qüvvələrinin Almaniyaya qarşı istifadə olunması qarşılığında Britaniya Osmanlı imperiyası ilə xarici siyasətində dəyişiklik etmək qərarına gəldi. Çarın siyasi ambisiyalarına görə, Osmanlının bütövlüyünə təminat verməmək, eləcə də bu dövlətin təmamilə məhv edilməsində Rusiya ilə əməkdaşlıq etmək London üçün labüd olmuşdu.

O zaman İstanbulda hakimiyyəti ələ alan Britaniya və Fransaya meyilli “Gənc Türklər” Almaniyadan uzaqlaşmağa və bu iki dövlət ilə münasibətləri intensivləşdirməyə çalışırdılar. Lakin London və Parisin çirkin niyyətləri üzündən “Gənc Türklər” bu siyasətini həyata keçirə bilmədilər. Onlar Osmanlı dövlətinin varlığını qorumaq üçün yenidən üzünü Almaniyaya tərəf çevirdilər. Həmin dövrdə Osmanlıda siyasi prosesləri təhlil edən Pol Rorbax və general fon der Qoltz yüksək rütbəli almanlar erməniləri təhlükə mənbəyi kimi görüb və İstanbulda ovaxtkı hakimiyyətə onların köçürülməsini məsləhət görmüşdülər. Almanların hesablamalarına görə, Şərqi Anadoluda məskunlaşan ermənilər Rusiyanın “beşinci kolon”udurlar.

“Gənc Türklər” isə almanlara inansalar da, bu istiqamətdə hələ kəskin addımlar atmağı düşünmürdülər. Əksinə, onlar daşnaklara bu cür fəlakətlərin baş vermə ehtimalı ilə bağlı xəbərdarlıq edirdilər. “Gənc Türklər” 1915-ci ilə qədər ermənilərin köçürülməsi ilə bağlı heç bir siyasi qərar qəbul etmədilər. Yalnız Rusiya və digər böyük güclərin təhriki ilə daşnaklar Osmanlı dövlətinə və onun xalqına qarşı üsyan qaldırdıqdan sonra ermənilərin kütləvi köçürülməsi prosesinə qərar verildi. Bu gün erməni millətçiləri və onların havadarları Osmanlının bu siyasətini soyqırım kimi təqdim edirlər. Professor Edvard Erikson “Osmanlılar və ermənilər: Əks-üsyan ilə mübarizə” kitabında aydın şəkildə qeyd edib ki, Osmanlı dövləti 4 cəbhənin doğurduğu təhlükə və hərbi zərurətdən dolayı erməni əhalisinin köçürülməsi siyasətini həyata keçirib. O, ermənilərin köçürülməsini sürgün, deportasiya və etnik təmizləmə kimi təqdim edilməsini yalnış hesab edib. Çünki tarixdə Osmanlı dövləti tərəfindən ermənilərin köçürülmə siyasətinin könüllü və məqsədyönlü şəkildə aparılması ilə bağlı heç bir dəlil və fakt yoxdur.

-Ermənilərin terror təşkilatı olan “Daşnaksütyun” tərəfindən Şərqi Anadoluda müsəlman əhaliyə, hətta yerli ermənilərə qarşı törədilən qətliamlar barədə də məlumat verərdiniz.

-1915-ci ilin martında daşnaklar müdafiəsiz qalan Vanda üsyan qaldırıraq minlərlə yerli müsəlman əhalisini qətlə yetirdilər. 1916-ci ilin fevralında Bitlisdə erməni qiyamçıları tərəfindən xeyli sayda dinc müsəlman öldürüldü. Osmanlı ordusunun cəbhəyə başının qarışmasından istifadə edən daşnaklar və digər erməni üsyançıları türklərin və kürdlərin məskunlaşdığı kəndləri yandırır, dinc sakinlərə qarşı qətliam törədirdilər. Van şəhəri daxil olmaqla erməni üsyançıları ilə toqquşmaların baş verdiyi ərazilərdə təxminən 1,2 milyon türk və kürd öldürülüb. Təbii ki, bəzi türklər və kürdlər qiyamçı daşnaklardan intiqam almaq məqsədilə erməni kəndlərinə hücum edirdilər. Xüsusilə nizamsız kürd dəstələri müəyyən mənadə dinc ermənilərin öldürülməsində iştirak ediblər. Çünki Birinci Dünya müharibəsi və bu müharibə çərçivəsində baş vermiş hadisələr insanları bir-birini öldürməyə və məhv etməyə sövq edirdi.

Bununla yanaşı, 1917-ci ildə Çar rejiminin süqutundan sui-istifadə edən daşnak qüvvələri heç bir məhdudiyyətlə qarşılaşmadan Şərqi Anadoluda bütün cəbhə xəttini öz nəzarətinə götürdülər. 1918-ci ilin fevralında cəbhə xətti boyunca yerləşən Ərzincan, Ərzurum, Bayburt, Tərcan və digər vilayətlərdə dinc müsəlman əhalisinə qarşı amansız və dəhşətli qırğınları davam etdirdilər. Genişmiqyaslı qırğınlar Qars, İrəvan və Azərbaycan türklərinin məskunlaşdığı ərazilərdə də törədilib. Cənubi Qafqaz regionunda da xeyli sayda türklər və kürdlər daşnaklar tərəfindən məqsədyönlü şəkildə məhv edilib.

-Nə üçün Qərb dövlətləri ermənilərin qondarma soyqırım ilə bağlı əsassız iddialarına inanır və erməni qiyamçıları tərəfindən dinc müsəlman əhalisinə qarşı törədilən qətliamları görməzdən gəlirlər?

-Qondarma erməni soyqırımı ilə bağlı nağıllar Qərbin zeniyyətində dərin kök salıb. Qeyd edim ki, 19-cu əsrin sonlarında İngiltərənin liberal cameəsində Ceyms Brays və onun kimi tanınmış şəxslər ermənipərəst və antitürk yazıları ilə gündəmə gəlməyə başladılar. Əlbəttə, bu, Britaniya siyasi sinfinin müəyyən hissəsinin siyasəti idi. Mühafizəkarlar liberalların bu siyasətinə qarşı çıxırdılar və ermənilərin İngiltərəni münaqişəyə cəlb etmək istədiklərini bildirirdilər. Lakin mühafizəkarlar da bu siyasətini 1907-ci ildə Rusiya ilə ittifaq qurduqdan sonra dəyişdilər. Artıq Britaniya siyasi cameəsinin əsas hissəsi də antitürk və ermənipərəst təbliğatının hazırlanmasında maraqlı olmağa başladı. Hətta bu məsələ ilə bağlı bəzi şəxslərdən ibarət departament də yaradıldı. Vellinqton Haus adlı şəxs departament təbliğatın istiqamətlərinin və funksiyalarının müəyyən edilməsi ilə məşğul idi. Departamentin digər məqsədi də ABŞ-ı birbaşa müharibəyə cəlb etmək idi. İngiltərənin təbliğatı sahəsində Amerikanın xristian dairələri, o cümlədən ABŞ-ın protestant missiyaları və Prezident Vudro Vilson erməni məsələsinə əlverişli siyasi ambissiya kimi baxmağa başladılar. Beləliklə, həmin dövrdə iki böyük dövlətin dəstəyi ilə çox güclü ermənipərəst və antitürk təbliğatı formalaşdırıldı.

Ermənilərin özləri də əsassız iddialarının, daha doğrusu, özlərinin qurban olması ilə bağlı nağıllarını yalnız Qərbin dəstəyi ilə yayacaqlarına inanırdılar. Onlar bunun üçün çalışırdılar. O vaxtdan bəri ABŞ və Fransadakı erməni diasporları, 1915-ci il hadisələrinə yəhudilərin Holokostuna bənzər soyqırım statusun verilməsi istiqamətində kampaniya aparırlar. Qərbdə müsəlmanlara qarşı irqi və dini ayrıseçkilik edən bir çox siyasi ünsürlər erməni məsələsindən hər zaman məharətlə istifadə ediblər. Qərb dövlətlərində media qurumları 1915 – ci il hadisələri ilə bağlı həqiqətlərdən xəbərsizdirlər. Ona görə də onlar bir əsr bundan əvvəl ermənipərəst qüvvələr tərəfindən hazırlanmış cəfəng yazılara inanırlar. Bu, artıq onların ümumi mövqeyinə çevrilib. Uzun müddət ərzində aparılan bu siyasəti dəyişdirmək çox çətindir. ABŞ və Avropa ölkələrində həm Azərbaycan, həm də Türkiyə əleyhinə təbliğat aparan siyasətçilər və təşkilatlar erməni diasporu tərəfindən maliyyə cəhətdən dəstəklənirlər.

Yunis Abdullayev
Cebhe.info