Ölümü şəhid məzarında qarşılayan Hamlet Xanı-zadənin qızı: “Nə Xalq artisti adı verdilər, nə də ...” - MÜSAHİBƏ

Ölümü şəhid məzarında qarşılayan Hamlet Xanı-zadənin qızı: “Nə Xalq artisti adı verdilər, nə də ...” - MÜSAHİBƏ

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar qətliamından 33 il ötür.

Eyni zamanda, böyük sənətkarımız, Əməkdar artist Hamlet Xanı-zadənin vəfatının ildönümü də yaxınlaşır. Hamlet Xanı-zadə 20 Yanvar hadisələrindən o qədər təsirlənmişdi ki, özünə gələ bilməmişdi. Aktyorun ölümü də elə Şəhidlər xiyabanında şəhid qəbirləri qazarkən olub. Gördüklərinə və xalqının acı taleyinə dözməyən Hamlet Xanı-zadə təəssüf ki, dünyasını vaxtsız dəyişib.

Cebhe.info Hamlet Xanı-zadənin qızı Aygün Xanı-zadə ilə müsahibəni təqdim edir:

-Həmin gecə atanız evdən çıxıb və bütün təhlükələri göz önünə alaraq yaralıların köməyinə gedib. Gəlin, ilk növbədə qanlı şənbə gecəsini və atanızın evdən çıxmağını xatırlayaq...

-Mənim atam çox vətənpərvər insan idi. Millətini, xalqını sevən, adət-ənənələrinə hörmət və riayət edən vətəndaş idi. Qanlı 20 Yanvar faciəsi isə atama çox təsir etmişdi. Həmin günü belə xatırlayıram. Atam və qonşumuz, mərhum aktyorumuz Bürcəli Əsgərov bizdə oturub nərd oynayırdılar. Birdən atışma səsləri eşıdildi. Hamımız qorxu içərsində eyvana çıxdıq və o dəhşətli səhnəni gördük...

Həm atışma səsləri, həm küçədə olan insanların panikası və qışqırıqları bizi dəhşətə gətirdi. Atam anamla bizi tez evə saldı və tapşırdı ki, heç yerə çıxmayaq. Özü isə tələsik evdən çıxdı. Onlar qonşularla köməkləşərək yolun üzərindən meyitləri və yaralıları daşıyırdılar. Həmin gecəni biz atamdan heç bir xəbər ala bilmədik. Bir də yanvarın 21-i axşam radələrində evə qayıtdı.

-Deyilənə görə, 20 yanvar gecəsi Hamlet Xanı-zadə Əməkdar artist Bürcəli Əsgərovla birlikdə yaralıların xəstəxanalara daşınmasına gedərkən “Millətimi öldürürlərsə, mən nə üçün yaşamalıyam?”,- deyib. Sadə insanlar, tamaşaçılar Hamlet Xanı-zadəni böyük aktyor kimi tanıyırdı, amma onun millətini sevən, onun yolunda həyatını riskə atan bir şəxsiyyət olmasından bəlkə də çoxları məlumatsız idi. İstərdim Azərbaycanın milli mücadiləsinə Hamlet Xanı-zadənin baxışı haqqında danışasınız.

-Təkcə bir məqamı deyim. Atam yanvarın 21-də evə qayıdanda bütün geyimi qan içində idi. Onu o vəziyyətdə görəndə çox qorxmuşduq. Elə bilirdik ki, yaralanıb. Anam ağlayaraq soruşdu ki, Hamlet nə olub sənə? Atam cavab verdi:"Bundan böyük dərd olar? Millətimi qırdılar…üstümdəki də xalqımın qanıdır. Kaş öləydim, amma bu günü görməzdim!”

Ondan sonrakı günlərdə, yəni fevral ayının 2-nə qədər biz atamızı demək olar ki, evdə görmürdük. Atam Şəhidlər xiyabanında köməkləşərək məzarları qazıb şəhidlərimizi torpağa tapşırırdılar.

-Atanız şəhidlərimizin dəfn mərasimlərində iştirak edib. Evdə olarkən sizə bu haqda danışırdımı?

-Uşaq olduğumuza görə bizə heç nə bildirməzdi. Amma anama danışardı. Bircə bunu bilirdik ki, səhərdən gecəyə gədər Şəhidlər xiyabanında idi.

-Hamlet Xanı-zadə 20 Yanvar faciəsindən çox təsirlənmişdi, xalqının acı taleyi, gördükləri ona rahatlıq vermirdi. Ölümü də xalqının yolunda oldu. Bildiyim qədər, Şəhidlər xiyabanında olarkən gördüklərinə ürəyi dözməyib və halı pisləşib. Həmin günü necə xatırlayırsınızmı?

-Fevralın 2-də öz sənət yoldaşlarıyla Şəhidlər xiyabanına gediblər. Orada da şəhidlərimiz üçün qəbir qazarkən atamın vəziyyəti çox ağırlaşıb. Onu evə gətirəndə artıq tanınmaz halda idi. üzünün rəngi qapqara, beli bükülmüşdü və artıq danışmağa taqəti yox idi. Təcili yardımı evə çağıranda bilindi ki, bir neçə saat öncə beyninə qan sızıb. Sağ tərəfi iflic olmuşdu. Dərhal reanimasiyaya yerləşdirdilər. Biz onu artıq nə gördük, nə də səsini eşitdik. Fevralın 3-ü səhər 05:30 radələrində atam bu həyatdan köçdü…

-Həkimlərin səyinə baxmayaraq, böyük aktyorumuzun həyatını xilas etmək mümkün olmadı. Buna görə bəzi insanlar atanızı öz millətinin yolunda həyatını fəda edən şəxsiyyət kimi şəhid aktyor adlandırır. Siz bu adı qəbul edirsinizmi?

-Bəli. Biz və bütün Azərbaycan xalqı onu şəhid aktyor kimi tanıyırıq. Baxmayaraq ki, “bəziləri” atamın şəhid adı almaması üçün səbəblər gətirirdilər… Məsələn, səbəblərdən biri belə idi, “Hamlet müəllim güllədən ölməyib ki…”

Bəli. Onu güllə öldürməyib! Atam xalqın dərdindən öldü.

-33 ildir Azərbaycan cəmiyyətinin nəzərində Hamlet Xanı-zadənin iki obrazı canlanır. Bunlardan biri qısa həyat yolunda xalqına böyük xidmətlər göstərən istedadlı sənətkar, digəri millətinin faciəsinə dözməyərək həyata vida deyən şəhid aktyor. Sizcə, Hamlet Xanı-zadəyə bu xidmətlərinə görə layiq olduğu dəyər verilibmi?

-Xeyr. Çox şeyi sadalamaq istəmirəm. Lakin iki vacib, layiq olduğu, amma verilməyən dəyəri deyəcəyəm. Biri Xalq artisti adına layiq olması, ikincisi, yaşadığı binaya barelyefinin vurulmasına icazə verilməməsi. Məncə, bu iki məqam kifayətdir.

Naibə
Cebhe.info