ABŞ səfirliyinin küçə jarqonu

ABŞ səfirliyinin küçə jarqonu

Son zamanlar ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində ölkəmizə qarşı əsassız statuslar paylaşılır. 

Səfirliyin son statusu daha çox diqqəti çəkib. Statusda qeyd olunur ki, guya ölkəmizdə insan hüquqları və azadlıqları tapdalanır, 300-dən çox siyasi məhbus var.

“Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. 

Bu ayın “ən məşhur”ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir”, – deyə səfirliyin “Facebook” səhifəsində küçə jarqonundan istifadə edilib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ səfirliyinin bu davranışları diplomatik qaydalara ziddir: 

“Diplomatik davranış qaydaları və ifadələri pozanlar özlərinin gücsüz olduqlarını hiss edirlər. ABŞ-nin Azərbaycandakı səfirliyi həm haqsız olduğu, həm də gücsüz hiss etdikləri üçün bu kimi küçə jarqonlarına baş vurur.

Onlar diplomatiyanı adiləşdirirlər, diplomatiyanı gözdən salan ifadələr işlədirlər. Məsələnin ən təəssüf doğuran məqamlardan biri budur ki, ABŞ səfirliyinin əməkdaşları insan hüquqları və azadlıqları bəhanəsi altında gizlənməklə bu kimi davranışlar sərgiləyirlər. 

Bununla paralel, Azərbaycan cəmiyyətinə mesaj ötürməyə çalışırlar. Bu kimi davranışların mahiyyəti ABŞ səfirliyinin kim olduğunu və nə üçün bunu etdiklərini açıq şəkildə büruzə verir. Ona görə də hesab edirəm ki, çox da uzun müddət keçmədən, yəni yanvarın 20-də ABŞ-də formalaşacaq yeni administrasiya diplomatik nizam qaydalarını nəzərə alıb ABŞ-Azərbaycan münasibətlərində müsbət proseslərə təkan verəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”