“3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq?

“3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq?

Ankara Ermənistan-Azərbaycan münasibətlərində sülhün bərqərar olması prosesi ilə bağlı Bakı ilə koordinasiyalı işi davam etdirəcək. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasında çıxışı zamanı deyib.

“Biz qardaş Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görürük və Ankara prosesi izləməyə davam edəcək. İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.

O bildirib ki, oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı keçirilib. 

Ərdoğanın sözlərinə görə, platforma məhsuldardır və Ankara onu institusional platformaya çevirmək istəyir.

Xatırladaq ki, platforma görüşündə Rəcəb Tayyib Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

Türkiyə Prezidentinin açıqlaması Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamikaya nail olmaq üçün qapalı danışıqların aparıldığını deməyə əsas verir.

Hətta bu müzakirələrin Türkiyənin iştirakı ilə aparıldığı istisna edilmir. Rəcəb Tayyib Ərdoğanın “xoş xəbərlər eşidəcəyik” deməsi artıq müsbət nəticələrin əldə edildiyinə ümidlər yaradır. Lakin çox güman ki, söhbət bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindən deyil, ayrı-ayrı bəndlər üzrə razılaşmalardan gedir. 

Xüsusilə də, Prezident Ərdoğanın “3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin İstanbul toplantısından sonra 6 dövlətin əməkdaşlığının vacibliyini xüsusi vurğulaması Türkiyənin kommunikasiyaların açılması istiqamətində konsensus əldə etmək cəhdlərindən xəbər verir. 

Dövlət baçsısının özünün dediyi kimi, Ankara üç Cənubi Qafqaz ölkəsinin Türkiyə, Rusiya və İranla birlikdə institusional platforma yaratmaq təklifi Zəngəzur dəhlizi məsələsi ətrafında müzakirələrin aktivləşdiyini göstərir.

Çünki altı dövlət arasında regional əməkdaşlığın qurulması kommunikasiyaların açılmasından asılıdır. Gürcüstanın hələlik bu prosesdə iştirak etmək istəmədiyini nəzərə alsaq, mövcud mərhələdə 5 dövlətdən və ya “3+2” formatından danışmaq olar.

Zəngəzur dəhlizinin açılmasına dair Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirmədiyinə görə Azərbaycanla bu istiqamətdə aparılan danışıqlarda nəticə əldə olunmayıb.

İrəvan daha çox “Sülh kəsişməsi” layihəsini irəli sürməklə Zəngəzur dəhlizi məsələsindən yayınmağa çalışır. Türkiyənin son vaxtlar prosesə diplomatik müdaxiləsi də danışıqlar müstəvisində balansın Azərbaycanın xeyrinə dəyişməsinə xidmət edə bilər. 

Ona görə də kommunikasiyaların açılması mövzusu son vaxtlar daha çox Azərbaycan-Ermənistan-Türkiyə siyasi platformasında müzakirə edilməyə başlayıb. Rəsmi Ankara Baş nazir Nikol Paşinyanı Zəngəzur dəhlizinin açılmasına razı salmağa çalışır. 

Lakin Ermənistan mediasının yaydığı məlumatlara görə, Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb hissəsiylə Naxçıvan MR arasında əlaqəni təmin edəcək nəqliyyat-kommunikasiya xətləri “Zəngəzur dəhlizi” adlanmaya da bilər. 

Yəni tərəflərin ortaq kompromis variant üzərində razılaşma əldə etməsi mümkündür. Ola bilsin ki, Prezident Ərdoğanın “Xoş xəbər eşidəcəyik”, - deməsi həm də bununla bağlıdır.
 
Lakin “3+3” ölkələri arasında işlək platformanın reallaşması yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə yekunlaşmır. Bakı və İrəvan arasında razılaşmanın baş tutması problemin həllində birinci mərhələdir. Kommunikasiyaların açılmasında regionda yerləşən ölkələrlə yanaşı Cənubi Qafqazda marağı olan dövlətlər də istəkli olmalıdır. 

Yəni Zəngəzur dəhlizinin açılmasına mane olan kifayət qədər xarici amillər mövcuddur ki, əməkdaşlığın reallaşması onların aradan qalxmasından asılıdır. İlk növbədə, “3+3” platformasına daxil olan ölkələr arasındakı bir sıra fikir ayrılıqlarına son qoyulmaldır. İran Zəngəzur dəhlizinin açılmasına mane olmaq siyasətindən əl çəkməlidir. 

Rəsmi  Tehran Ermənistanı 10 noyabr Bəyanatını yerinə yetirməməyə təhrik etməklə Azərbaycanla Türkiyə arasında quru əlaqəsinin qarşısını almağa, Ankaranın Cənubi Qafqazda geosiyasi təsirinin artmasına mane olmağa çalışır. İran rejiminin bu mövqeyini dəyişməməsi “3+3” platformasının həyata keçməsinə maneə olaraq qalır. 

Bundan başqa, Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri normallaşdırmaq kursunu seçməlidir. Çünki Türkiyə-Ermənistan münasibətlərinin qaydaya düşməsi yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsindən asılı deyil. 

Ermənistan öz Konstitusiyasına və dövlət gerbinə dəyişiklik edərək Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Yalnız bundan sonra Ermənistanla Türkiyə arasında kommunikasiyaların qurulması və sərhədlərin açılmasından söhbət gedə bilər. 

Zəngəzur dəhlizinin və ya onu əvəz edəcək hər hansı razılaşdırılmış variantı “3+3” platformasında iştirak edən Rusiya ilə müzakirə etmək lazım gələcək. Çünki 10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Ermənistan isə bundan imtina edir. 

Ermənistanla Rusiya arasında sözügedən mübahisənin davam etməsi  kommunikasiyaların açılmasına ciddi əngəl olaraq qalır. Hər iki ölkə bu məsələyə dair razılığa gələnə qədər Zəngəzur dəhlizinin tam işlək vəziyyətə düşəcəyindən danışmaz çətindir. Əgər Rusiya qoşunlarının iştirak etmədiyi başqa bir kommunikasiya layihəsi təklif olunsa, buna Moskvanın münasibətinin necə olacağı müəyyənləşməlidir.

Ermənistanda və İran sərhədində Rusiya hərbçilərinin yerləşdiyini nəzərə alsaq, Moskvanı alternativ təklifə razı salmaq heç də asan olmayacaq. Bu yalnız Türkiyənin irəli sürdüyü yeni layihənin şərtlərindən asılı ola bilər. 

Nəhayət, Gürcüstan bu prosesə qoşulmaq üçün Rusiya ilə arasındakı münaqişələrin aradan qalxmasını tələb edir. Yəni rəsmi Tiflis Abxaziyanın və Cənubi Osetiyanın işğalına son qoyulmadan Rusiya ilə bir əməkdaşlıq platformasında yer almaq istəmədiyini bildirir.

Gürcüstanda keçirilən parlament seçkiləri öncəsi Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı qaytaracağına dair məlumatlar yayılsa da, Moskva bunu rəsmən təsdiq etməyib.

Qeyd edilən xəbərlər daha çox Gürcüstan hakimiyyətinin kuluarlarından və mediadan qaynaqlanır. Lakin Rusiyanın həmin bölgələri Gürcüstana qaytaracağı inandırıcı görünmür. Çünki Rusiya Abxaziyanı və Cənubi Osetiyanı Qərbin təhlükəsinə qarşı siyasi zəmannət “kartı” hesab edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”