Əvvəl 50 qəpiyə, indi isə 8-9 manata...

Əvvəl 50 qəpiyə, indi isə 8-9 manata...

Azərbaycan Rusiyadan sarımsaq idxalını kəskin artırıb.

2024-cü ilin yanvar-mart aylarında da Azərbaycan xarici ölkələrdən 443 min 890 ABŞ dolları dəyərində 348 ton sarımsaq idxal edib. Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 112 min 830 dollar və ya 34,1%, miqdar baxımından isə 94 ton və ya 36,8% çoxdur. 

Maraqlıdır ki, Azərbaycan özünü sarımsaqla da təmin edə bilmir? 

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hər hansı bir məhsulun ilə uyğun olaraq istehsal həcmi var:

"Hər hansı bir səbəbdən bu il Azərbaycanda sarımsaq qıtlığı var və bu qıtlığın doldurulması üçün sahibkarlar onu Rusiyadan idxal edir. Əslində, sarımsaq çətin yetişən bitki deyil. 

Azərbaycanda onu istehsal edib xarici ölkələrə idxal etmək də olar. İstənilən halda Çinin saxta, geni dəyişdirilmiş sarımsağından Azərbaycan istehsalı olan sarımsaq daha faydalıdır. Amma ölkədə fermerlər bir il sarımsağı çox, növbəti il az əkirlər”. 

Ekspert bunun səbəbini kənd təsərrüfatının tənzimlənən mexanizm olmaması ilə bağlayır: 

“Yəni bir il sarımsaq qıt olur, bu zaman kilosu 8-9 manata satılır, qiymətin baha olduğunu görən fermerlər növbəti il daha çox sarımsaq əkir, bu halda isə sarımsağın kilosunun qiyməti 50 qəpiyə düşür". 

İqtisadçının sözlərinə görə, sarımsaq əkənlər bir seqment olmalı, ixtisaslaşmalıdır:

"Kənd təsərrüfatı sahələrinin ixtisaslaşması üçün həmin sektorlarda fermerlərin mənfəət normasını hökümət təmin etməlidir. Bu halda sarımsaq baha da olsa, ucuz da olsa, fermerlər sarımsaq əkəcəklər. Bunu da qeyd edim ki, sarımsaq və ya digər məhsulun çox əkilən il onun artıq hissəsini bazardan çıxarmaq hökumətin kənd təsərrüfatı sahəsini tənzimləyən qurumunun birbaşa vəzifəsi olmalıdır. Məhsul az olduqda, qurum tərəfindən idxal edilməlidir. Çox olduqda isə onu ölkənin daxilində saxlamaq lazım deyil, əks halda bazarlarda qəpik-quruşa satılır. Bununla bağlı tənzimləmələr lazımdır”. 

Ləman İsmayıl 
"Cebhe.info"