Paşinyandan sülh sazişi üçün son 3 ADDIM

Paşinyandan sülh sazişi üçün son 3 ADDIM

Yaxın gələcəkdə Ermənistan beynəlxalq nəqliyyat və enerji qovşağı çevrilməyi hədəfləyir.

Ermənistan Baş naziri Nikol Paşinyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində Cənubi Qafqazda hazırki vəziyyət, xüsusilə Ermənistanın Azərbaycan və Türkiyə ilə gələcək münasibətləri barədə öz fikirlərini bölüşüb. 

Paşinyan öz müsahibəsində daha çox Ermənistanın regional əhəmiyyətini qabardıb. Ermənistan hakimiyyətinin başçısı İrəvanın Azərbaycan və Türkiyə ilə birlikdə həyata keçiriləcək regional nəqliyyat və enerji layihələrində iştirak etməkdə iddialı olduğunu bildirib. 

O vurğulayıb ki, Ermənistanın yeni xarici siyasətində qonşularla birgə regional təhlükəsizlik konsepsiyanın formalaşması prioritet təşkil edir. “Azərbaycandan olan yollar, boru xətləri, kabellər Ermənistandan keçərək Türkiyəyə getməlidir. Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə vermək Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının qurulmasına önəm verirəm”. 

Nikol Paşinyan Ermənistanın Azərbaycan ilə Türkiyə arasında nəqliyyat qovşağı rolunu oynamaq potensialına malik olduğunu deyib:

“İrəvan Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizinə birləşdirəcək Şərq-Qərb qanadının, həmçinin Qara dənizdəki Türkiyə limanlarının əhəmiyyətini çox yaxşı başa düşür. Bunun üçün Azərbaycan və Ermənistandan keçən dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Türkiyəyə çatmalıdır və biz belə qərarlar verməyə hazırıq”. 

Bununla yanaşı, Paşinyan Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat kommunikasiyaların reallaşması məsələsinə də aydınlıq gətirib:

“Üstəlik, bu yolun infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün də istifadə oluna bilər və biz buna da hazırıq. “Dünyanın kəsişməsi” layihəsində bütün bu infrastrukturların işləməsi üçün biz məlum prinsipləri müəyyən etmişik”. 

Paşinyanın bu fikirlərindən aydın olur ki, rəsmi İrəvan özünün Rusiya və İrandan asılılığını tam olaraq azaltmaq, Moskvanın təsir dairəsindən xilas olmaq, iqtisadiyyatını canlandırmaq və regional nəqliyyat qovşağına çevirilmək üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda qərarlıdır. Paşinyan anlayır ki, Ermənistanın daima təcrid vəziyyətində qalması və qonşulara qarşı düşmənçilik münasibətinin davam etməsi ölkəni məhvə aparacaq. Heç bir şəkildə inkar oluna bilməz ki, Ermənistanın tam müstəqil olması və iqtisadi inkişafının yeganə yolu qonşular ilə sülh və sabitliyin bərqərar olunması, münasibətlərin normallaşmasından keçir. 

Şübhəsiz, Paşinyan son müsahibəsində eyham vurub ki, o, bu istiqamətdə üç zəruri tədbir görəcək.

İlk növbədə Qazaxın işğal altında olan bitişik dörd kəndi - Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızıl Hacılı kəndləri boşadılıb Azərbaycana qaytarılacaq. Anklav kəndlər isə (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində qaytarılması nəzərdə tutula bilər. 

İkincisi, Paşinyan Ermənistanın Konstitusiyası, Müstəqillik Bəyannaməsi, hərbi doktrinasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən müddəaların ləvğ olunması üçün ümummilli referendum keçirəcək. Ermənistan hakimiyyətinin başçısı hər vəchlə buna nail olmağa çalışacaq.

Xüsusilə, Paşinyan bu yaxınlarda keçirilən mətbuat konfransında əlində ölkəsinin xəritəsini tutaraq açıq şəkildə bəyan edib ki, xəritənin daxilində olan ərazilər Ermənistana məxsusdur, xəritədən kənar ərazilər isə Ermənistana aid deyil. 

Onu da vurğulayaq ki, artıq Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin saytından “Dağlıq Qarabağ” sözü götürülüb. Bu iki istiqamətdə tədbirlər başa çatdıqdan sonra Ermənistan Azərbaycanla tez bir zamanda sülh sazişi imzalayacaq. Təbii ki, bu saziş regionda daimi və davamlı sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına yönələcək. Azərbaycanla sülhün təmin olunması fonunda Türkiyə Ermənistanla sərhədləri açacaq, əlxəsus Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi başlayacaq. 

Eyni zamanda, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdiricək nəqliyyat kommunikasiyaların həyata keçməsinə də imkan veriləcək. Sözsüz ki, bu kommunikasiya Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni bir-birinə bişləşdirəcək Çinin “Bir kəmər, bir yol” layihəsində prioritet olan “Orta Dəhliz”ə şərait yaradacaq. 

N.Paşinyan çox yaxşı bilir ki, Ermənistan bu dəhliz üzərindən daşınacaq logistik yüklərdən milyardlar qazana bilər, habelə, Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə öz məhsullarını tədarük etmək imkanları əldə edəcək. “Orta Dəhliz” Azərbaycan və Ermənistanı beynəlxalq nəqliyyat qovşağına çevirəcək. Əlbəttə, Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən digər marşrut yollarının açılması istiqamətində də tədbirlərin görülməsi də istisna deyil. Ən əsası da istər Şimal-Cənub, istərsə Şərq-Qərb istiqamətində Azərbaycan ilə Ermənistanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan sərhəd ərazilərində azad iqtisadi zonalarının əsasının qoyulmasına yol açacaq. 

Əlbəttə ki, Azərbaycanın Xəzər dənizində, eləcə də Türkiyənin Qara dəniz və Aralıq dənizində limanlarına daşınacaq məhsullar həmin iqtisadi zonalarda satışa qoyula bilər. Paşinyanın elektrik xətləri və boru kəmərləri ilə bağlı sözlərinə gəlincə, Ermənistan hakimiyyətinin başçısı demək istəyib ki, regionda sülhün bərpa olunacağı təqdirdə Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etməkdə və öz ərazisindən Türkiyəyə qədər uzanan neft-qaz kəmərlərinin çəkilməsində maraqlı olacaq. Təbii ki, Nikol Paşinyanın ambissiyaları Ermənistanın Qərbə inteqrasiyasını təmin etməklə yanaşı, beynəlxalq nəqliyyat və enerji qovşağına çevirməkdir. 

Yunis Abdullayev 
“Cebhe.info”