Zəngəzur üçün yeni model: İrəvan razılaşacaq?

Zəngəzur üçün yeni model: İrəvan razılaşacaq?

“Türkiye Gazetesi” qəzeti Antalyada keçirilən diplomatik forum zamanı baş tutan Ermənistan-Türkiyə danışıqlarının maraqlı təfərrüatlarını dərc edib.

Bu barədə erməni siyasi şərhçi, özünü  türkoloq adlandıran Varujan Geqamyan məqaləsində yazıb.

“Qəzetin mənbələrinə görə, Sərdar Kılıçın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Ermənistan Respublikasının nümayəndələrinə Zəngəzur vilayətinə Kalininqradı Rusiya ilə bağlayan, eyni zamanda muxtar vilayət statusuna malik modelə uyğun xüsusi statusun verilməsini təklif edib. Hazırda Türkiyə-Azərbaycan cütlüyünün əsas hədəfinin Zəngəzur olması şübhə doğurmur.

Lakin bu təfərrüatlar düşmənin hazırki taktikasını anlamaq üçün çox vacibdir. Bu xəbər kontekstində Qərbi Zəngəzurla bağlı Türkiyə-Azərbaycan təbliğatı bəlli olur: Yaxın gələcəkdə, yəqin ki, azərbaycanlıların məskunlaşması təmin edildikdən sonra Zəngəzuru zəbt etmək  üçün Türkiyənin nəzarətində olan xüsusi status təklif olunacaq”.

Qeyd edək ki, söhbət Zəngəzur dəhlizinə Suvalki dəhlizinə bənzər statusun verilməsindən gedir. Bu təklifin isə Antalya diplomatik forumunda Sərdar Kılıç tərəfindən irəli sürülməsi xəbəri real görünmür. Çünki sözügedən təklifin Azərbaycan tərəfindən irəli sürülməsinə dair rəsmi məlumat var. Bu barədə ilk dəfə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu il yanvar ayının 4-də Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində açıqlama verib.

“Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq”,- Hikmət Hacıyev belə deyib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə görə, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsiz keçidini təmin etmək barədə öhdəlik götürüb. Lakin həmin sənədin imzalanmasından 4 ildən artıq vaxt ötsə də, Ermənistan öhdəlikdən yayınaraq Zəngəzur dəhlizinin açılmasına mane olur. Nikol Paşinyan hakimiyyəti dəmir və quru yollarının təhlkəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsinə dair razılaşmanı Ermənistanın suverenliyi və ərazi bütövlüyünə zidd adlandırır.

Ona görə də Azərbaycan ortaq variant kimi Rusiyanın Kalininqrad anklavı ilə quru əlaqəsini təmin edən dəhlizə bənzər statusun Zəngəzurda tətbiq olunmasını təklif edir. Söhbət Litva, Polşa və Belarus sərhədinin qovşağından Kalininqrada qədər olan Suvalki dəhlizindən gedir. 1997-ci ildə Rusiya və Litva arasında imzalanmış müqaviləyə uyğun olaraq, yüklər, nəqliyyat vasitələri və vətəndaşlar sərhəd-buraxılış nəzarəti, gömrük rüsumu tətbiq edilmədən Kalininqrada, eləcə də əks istiqamətə hərəkət edə bilərlər. Ancaq üçüncü ölkələr bu yoldan istifadə etdikdə onlara beynəlxalq təcrübədə əksini tapmış sərhəd-buraxılış nəzarəti və gömrük rüsumları tətbiq edilir.

Yəni rəsmi Bakının təklifinə görə, Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların keçidi zamanı Ermənistan tərəfi hər hansı nəzarət və yoxlama tədbirləri həyata keçirməməlidir. Üçüncü ölkələr Zəngəzurdan keçəcək yollardan istifadə edərsə, o zaman Ermənistanın sərhəd-buraxılış və gömrük nəzarəti orqanları zəruri prosedurları tətbiq edə biləcək. Bu halda kommunikasiyaların təhlükəsizliyini Rusiya deyil, Ermənistan özü həyata keçirəcək. Lakin indiyə qədər Ermənistan bu məsələ ilə bağlı təklifə cavab verməyib. 

Zəngəzura guya muxtar respublika statusu verilməsi təklifi ilə bağlı iddialara gəlincə, bu, inandırıcı görünmür. Çünki Zəngəzurda azərbaycanlı icması hələlik yaşamır. 

Müşfiq Abdulla 
“Cebhe.info”