Aİ-dən Rusiyaya 15-ci sanksiya paketi

Aİ-dən Rusiyaya 15-ci sanksiya paketi

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. 

“Cebheinfo.az” xəbər verir ki, Aİ-nin səlahiyyət müddəti başa çatan Macarıstanın rəsmi sosial media hesabında yer alan yazıda “Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər” ifadəsi işlədilib. 

Yazıda yeni paketin mövcud sanksiya siyahısına daha çox fərd və təşkilatın əlavə edildiyi, ixrac məhdudiyyətlərindən yayınaraq Rusiyanın hərbi və texnoloji inkişafına dolayısı ilə töhfə verən Rusiya və üçüncü ölkələrdəki təşkilatların da hədəf alındığı bildirilib. Yazıda qeyd olunub ki, yeni sanksiyalar Rusiyaya dəstək üçün fəaliyyət göstərən üçüncü ölkələrə məxsus gəmilərin də fəaliyyətini məhdudlaşdıracaq. 

Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı yazısında "Aİ və G7 tərəfdaşları Kremlə təzyiq etməyə davam etməkdə qərarlıdırlar. Xüsusilə Rusiyanın kölgə donanmasını hədəf alan 15-ci sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram”,- deyib. 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da "Rusiyaya qarşı güclü təzyiqi davam etdirməliyik. 15-ci sanksiya paketinin qəbul edildiyini görmək yaxşı haldır",- deyib. 

İddia olunur ki, Rusiya Qərb ölkələrinin sanksiyalarına cavab olaraq neft və yüklərin gizli şəkildə daşınması üçün yararsız və köhnə tankerlərdən ibarət gizli kölgə donanması yaradıb. Qeyd edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib. 

Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər tətbiq edilir. Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının daşınmasına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da sanksiyalar arasındadır. 2300-dən çox şəxs və qurum Aİ-nin sanksiya siyahısına daxil edilib. 

Nigar 
“Cebheinfo.az”