Ekvador yenə silkələndi

Cənubi Amerika ölkəsi Ekvadorda ötən gün baş verən 6,3 bal gücündə zəlzələdə 20 nəfər xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, Risklərin İdarə Edilməsi üzrə Milli Katibliyin (SNGR) verdiyi açıqlamaya görə, zəlzələ Esmeraldas əyalətinin Eloy Alfaro, Atacames, Muisne, Quininde, Rio Verde və San Lorenzo şəhərlərində güclü hiss olunub.
Səlahiyyətlilər 20 nəfərin müxtəlif şəkildə yaralandığını, 60 binada çatların yarandığını bildirib.
Zəlzələdən sonra Esmeraldas əyalətində zədələnmiş elektrik xətlərinin təmirinə başlanıldığı və bölgənin 80 faizinə elektrik enerjisinin verildiyi bildirilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəzi evlərin qismən uçması diqqət çəkib.
Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS), episentri Esmeraldas əyalətinin 20 kilometr şimal-qərbində olan 6,3 bal gücündə zəlzələnin 35 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"