Müxalifətin kanalı bağlandı

Gürcüstanda müxalifyönümlü “Mtavari Arxi” telekanalı maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir. “Biz mümkünsüzü bacardıq. Amma Gürcüstan tarixində dəfələrlə baş verdiyi kimi bizi daxildən sındırdılar. Xarici düşmən bizi aşa bilmədi, bizi içimizdən biri dağıtdı.
Bir vaxtlar bu qalaları tikməyə kömək edən şəxs bu gün şəxsi ambisiyaları və ya qisas hissi ilə “Mtavari Arxi”nin bağlanmasına səbəb oldu”, – deyə açıqlamada bildirilir. Telekanal 5 il 8 ay ərzində bir çox çətinliklə üzləşsə də, fəaliyyətini davam etdirmişdi. Yayımın dayandırılması ilə yalnız “Mtavari Arxi”nin rəqəmsal komandası işini davam etdirəcək , sosial şəbəkə hesabları və sayt yenilənəcək.
2024-cü ilin dekabrında telekanalın baş direktoru Georgi Qabuniya bildirmişdi ki, səhmdarlardan biri, iş adamı Zaza Okuaşvili kanalı bağlamaq qərarına gəlib. Qabuniya onu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının maraqlarına xidmət etməkdə ittiham etmişdi. Fevral ayında isə “Mtavari Arxi” maliyyə böhranı üzündən efir yayımını məhdudlaşdırmış, o cümlədən xəbər proqramları və digər canlı yayımlar dayandırılmışdı.
“Mtavari Arxi” 2019-cu ildə hazırda müxalifətdə olan siyasətçi Nika Qvaramiya tərəfindən təsis olunmuşdu. O, həmin vaxta qədər “Rustavi 2” telekanalının rəhbəri idi. “Rustavi 2” məhkəmə proseslərini uduzduqdan sonra yeni sahiblərə keçmiş və müxalif mövqeyindən imtina etmişdi. Qvaramiya isə komandasındakı jurnalistlərlə birlikdə yeni telekanal quraraq hakimiyyətə tənqidi yanaşan əvvəlki redaksiya xəttini davam etdirmişdi.
Səbinə Uğur
"Cebheinfo.az"