Türkiyədə bu tarixdə növbədənkənar seçki keçirilə bilər - AÇIQLAMA

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici diqqətçəkən fikirlər səsləndirib.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi növbədənkənar seçkilərin keçirilə biləcəyini deyib.
O, “Ekol TV”-nin canlı yayımında növbədənkənar seçkilərlə bağlı tarix də verib:
“Prezident seçkiləri 14 may 2028-ci ildən önə çəkilə bilər. 2027-ci ilin payızında növbdənəkar seçkilərin keçirilməsi mümkündür”.
Mustafa Destici hesab edir ki, Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olmalıdır:
“Bəziləri Rəcəb Tayyib Ərdoğanın “Terrorsuz Türkiyə” prosesini konstitusiyanı dəyişmək və yenidən prezident olmaq üçün istifadə edəcəyi kimi əsassız və yersiz fikirlər səsləndirdilər. Ərdoğanın yenidən namizəd olmaq kimi bir dərdinin olmamasını açıqlamasının da onlara cavab olduğunu düşünürəm.
Ancaq məncə, Türkiyənin mövcud vəziyyətində Rəcəb Tayyib Ərdoğan bir daha namizəd olmalı və seçilməlidir. Bu, Türkiyə, türk milləti və Türküstan coğrafiyası üçün daha faydalı olar”.
Partiya sədri qeyd edib ki, Ərdoğanın böyük təcrübəsi, biliyi və siyasi çəkisi var:
“Bunu təkcə Türkiyədə deyil, Türkiyədən kənarda keçirilən beynəlxalq toplantılarda da çox aydın görürük. Onun yaxşı beynəlxalq əlaqələri var.Ona görə də bu, dövlət məsələsidir. Bəzən siyasətçilərin ölkəsi, milləti, dövləti üçün fədakarlığa ehtiyacı ola bilər.
Türk millətinin tarixi boyunca ixtilaflar olub, hətta ordular arasında da belə hadisələr yaşanıb.Nəticədə, dövlətlər parçalanıb. Siyasi təcrübəmə əsasən, Ərdoğanın daha bir müddətə namizədliyini irəli sürməsi və Prezident kimi fəaliyyətini davam etdirməsi düzgün olar”.
O, Ərdoğanın növbəti dəfə necə namizəd ola biləcəyindən də danışıb:
“Bunun öhdəsindən iki yolla gəlmək olar. Birincisi konstitusiya dəyişikliyi, ikincisi isə növbədənkənar seçkilərlə bağlı qərardır.Əgər seçki vaxtından 3-5 ay əvvəl belə keçirilsə, Ərdoğan təkrar namizəd ola bilər. Ümumiyyətlə, növbədənkənar seçki ehtimalının çox güclü olduğunu düşünürəm”.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ötən gün “Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir dərdim yoxdur” sözləri ilə növbəti dəfə prezidentliyə namizəd olmayacağını açıqlayıb.
O, həmçinin növbədənkənar seçki keçirilməsini tələb edən bir vəziyyətin olmadığını deyib.
Ərdoğanın bu açıqlamasından sonra “Cümhur İttifaqı”nın ortaqlarından olan Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin növbədənkənar seçki ilə bağlı sözləri isə gündəm olub.
Elmir Mustafa
“Cebheinfo.az”