Müharibə iştirakçısı olan gənc şair niyə ölüb? - “İntihar cəhdindən sonra...”

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.Məlumata görə, halı pisləşən Həsən Zeynallı (Kür) Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində orada dünyasını dəyişib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intihara cəhd etmişdi.
“Cebheinfo.az” xəbər verir ki, dostları onun ölümü barədə sosial şəbəkədə çox sayda paylaşım ediblər. Nadir Yalçın bidirib ki, aprelin 25-i, yəni Həsən Kür xəstəxanadan evə buraxılan gündən müalicəsi davam etdirilirdi:
“Bütün prorsesi yaxından izlədiyimə və tez-tez ailə üzvləri ilə əlaqə saxladığıma görə deyə bilərəm ki, Həsənin vəziyyəti günü-gündən yaxşıya gedirdi. Sonuncu dəfə martın 20-i sol ayağından əməliyyat olunmuşdu. Axır vaxtlar ayağı da tamamilə düzəlmişdi. Hətta anası deyirdi ki, Həsən yaxşılaşır, qələmi də əlindədi, yazır… İndi Sabunçu xəstəxanası barədə hərə bir söz deyir.
Amma göydə Allah, yerdə doktor Leyla Mərcan Həsəni o müsibətdən sonra dirçəltmişdi. Düz 2 ay 3 gün xəstəxanada Leyla xanımın müayinə və müalicələri ilə Həsən möcüzə nəticəsində həyata qayıtdı. Bütün sümükləri düzəlirdi, başındakı problemlər aradan qalxırdı, yaddaşı tam bərpa olurdu…
İyunun 29-u isə anası Yəmən xala mənə zəng etdi və dedi ki, Həsənin şiddətli baş ağrıları başlayıb və burnundan qan açılır. Düşündüm, təzyiq məsələsidir. Tez Leyla xanımla danışdım və məsləhət gördü ki, Yeni klinikadakı beyin-sinir cərrahiyə uzmanı doktor Sait Mərcanın yanına gedək. Salyandakı MRT-nin nəticəsinə baxan Sait doktor dedi ki, nəsə narahatlıq var, kontraslı MRT lazımdır.
Sonrakı gün Tusi klinikası ilə danışdıq, Həsəni Bakıya gətirib kontraslı MRT-dən və KT-dən keçirdilər. Sait doktorla danışan Leyla Mərcan iyulun 5-i mənə zəng etdi və dedi ki, Həsənin beynində travmadan sonra çox nadir görünən böyük bir qanamış travmatik anevrizma (loru dillə desək, beyninin müdaxilə mümkün olmayan hissəsində böyük damar əmələ gəlib və damarın içi qanla dolub) yaranıb, vəziyyət kritikdi, Həsən möhkəm öskürsə, asqırsa belə damar partlaya bilər və ölüm riski qaçılmazdır. Sonradan məlum oldu ki, Azərbaycanda bu əməliyyat mümkün deyil”.
Onn sözlərinə görə, iyulun 6-da bəzi dairələrlə danışıb Heydər Əliyev Fonduna müraciət etməyə razılaşıblar.
“Elə dünən axşam müraciət mətnini yazmağa başlamışdım ki, telefona tanımadığım nömrədən zəng gəldi. Dedi ki, Həsən rəhmətə gedib. Əlimizdən heç nə gəlmədi… Heç nə…”
Xəzər
“Cebheinfo.az”