Fəallardan boyalı ETİRAZ

Almaniyanın paytaxtı Berlində Fələstin tərəfdarları Qəzzadakı hücuma diqqət çəkmək və ölkənin İsrailə verdiyi hərbi dəstəyi etiraz məqsədilə Kanslerlik binasının ön fasadına qırmızı boya çəkiblər.
"Cebheinfo.az" xəbər verir ki, “Yeni Nəsil (Neue Generation)” adlı təşkilata bağlı “Palestine Rising” qrupunun iki fəalı Kanslerlik binasının önündə aksiya keçirib.
Binanın ön fasadına qırmızı boya çəkən fəallar daha sonra saxlanılıb.
“Yeni Nəsil” tərəfindən yayılan açıqlamada fəalların həyata keçirdiyi boyalı aksiya ilə Qəzzaya diqqət çəkdiyi və Almaniyanın “cinayət ortaqlığına” son qoymasını tələb etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Qəzza zolağındakı zorakılıqlara qarşı artan tənqidlərə baxmayaraq, Almaniya İsrailə milyonlarla avro dəyərində silah ixracını davam etdirir.
“Alman hökumətinin əlləri qandır” ifadəsinə yer verilən açıqlamada Almaniyanın silah tədarük etməklə bu və gələcək cinayətlərə şərik olduğu vurğulanıb.
Fəallardan Fabian Beese, Qəzza zolağında hər gün insanların öldüyünü görməyin ürəyini parçaladığını bildirib: “Hökumətimizin bunu dəstəkləməsi məni heyrətə salır. Əzab-əziyyətin hər gün artmasına baxmayaraq, Almaniya silah tədarükünə davam edir.”
Beese bunun qəbuledilməz olduğunu vurğulayıb:“Silah tədarükünün dərhal dayandırılmasını tələb edirik. Heç bir almanın pulu və heç bir alman silahı daha artıq iztiraba səbəb olmamalıdır".
Nigar Hacılı
"Cebheinfo.az"