"Kurtlar Vadisi" bu tarixdə ekranlara qayıdır? - ÖZƏL

Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi”nin yenidən başlayacağı ilə bağlı iddialar yayılmağa davam edir.
“Cebheinfo.az” xəbər verir ki, mütəmadi olaraq ekran işinin yeni mövsümünün çəkilişlərinə hazırlıq getdiyi deyilir.
Unudulmaz layihənin son dəfə 16 iyun 2016-cı ildə 300-cü bölümü yayımlanıb. Ondan sonra isə artıq 9 ildir ki, “Kurtlar Vadisi”nin yenidən ekranlara qayıdacağı deyilir.
Əslində, yeni mövsümün adı da bəllidir. İllər əvvəl layihənin baş rolu Necati Şaşmaz serialın yeni adının “Kurtlar Vadisi Kaos” olacağını açıqlayıb. Lakin buna baxmayaraq, sözügedən serialın yayımlanacağı kanalla bağlı razılıq əldə olunmadığı üçün proses indiyə qədər uzanıb. Son olaraq “Kurtlar Vadisi Kaos”un sentyabr ayında ekranlarda olacağına dair xəbərlər tirajlanmağa başlayıb.
“Cebheinfo.az” sözügedən iddiaların həqiqətə uyğun olub-olmadığını öyrənmək qərarına gəlib. Layihənin məxsus olduğu şirkət “Pana Film”ə yaxın mənbələrlə əlaqə saxladıq.
Onlar serialın yeni mövsümü ilə bağlı hansısa hazırlıq görmədiklərini bildirdilər. Aldığımız məlumatlara əsasən, “Pana Film” “Kurtlar Vadisi Kaos”un yayımı üçün heç bir kanalla razılıq əldə etməyib.
Nəticədə, “Kurtlar Vadisi Kaos”un sentyabr ayında başlayacağına dair iddialar həqiqəti əks etdirmir. Hazırda layihənin yaradıcılarının gündəmində belə bir məsələ yoxdur...
Elmir Mustafa
“Cebheinfo.az”