Vergi etirazları dayanmır

Vergi etirazları dayanmır

Şərqi Afrika ölkəsi Keniyada vergi artımına qarşı ötən həftə başlayan etirazlar bu gün də davam edir.

"Cebhe.info" xəbər verir ki, Keniya polisi bu gün də davam edən vergi artımı etirazlarına müdaxilə etmək üçün yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bu gün nümayişçilər Prezident sarayına gedən küçələri bağlayıblar.

Prezident Uilyam Ruto polisin açdığı atəş nəticəsində azı 23 nəfərin öldürülməsindən sonra vergi artımını ehtiva edən 2024-cü il Maliyyə Qanununu geri götürüb.

Ruto iki illik prezidentliyinin ən ciddi böhranı ilə mübarizə aparır, gənclərin rəhbərlik etdiyi etiraz hərəkatı vergi artımı ilə bağlı onlayn etirazlardan sonra siyasi islahatlar tələb edən kütləvi mitinqlərə çevrilib.

Paytaxt Nayrobidə polis və əsgərlər bu gün hökumət binasına girişi bağlayıblar.

Polis şəhərin mərkəzində toplaşan onlarla insanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli televiziya yüzlərlə etirazçının Mombasa liman şəhəri və qərbdəki Kisumu şəhərində də toplaşdığını göstərib.

Siyasi fəal və etirazçı Davis Tafari "Reuters"-ə mesajında ​​söhbətin təkcə maliyyə qanun layihəsi ilə bağlı olmamasını, Rutonun istefa verməsini tələb etdiklərini qeyd edib:

"Biz Ruto və onun deputatlarının istefa verməsini və yeni seçkilərin keçirilməsini təmin etməliyik".

Ləman İsmayıl
"Cebhe.info"