Çayın yanına şirniyyatı da xaricdən gətiririk: NİYƏ?

Çayın yanına şirniyyatı da xaricdən gətiririk: NİYƏ?

Azərbaycan Ukraynadan ötən il 3 min ton unlu qənnadı məhsulu idxal edib.

Bununla da, Ukraynanın unlu qənnadı məhsulları ixracında Azərbaycan 8-ci yerdə qərarlaşıb.

2023-cü ildə Ukraynadan ümumilikdə 213 milyon ABŞ dolları dəyərində 89 min ton unlu qənnadı məhsulu ixrac edilib ki, bu da, 2022-ci illə müqayisədə müvafiq olaraq 40 % və 29 % çoxdur. Hesabat dövründə Ukraynanın unlu qənnadı məhsullarının 57 %-i və ya 122 milyon ABŞ dollarlıq hissəsi Avropa İttifaqına göndərilib. Ötən il Ukraynadan unlu qənnadı məhsullarının əsas idxalçıları Rumıniya (14 min ton), Moldova (10 min ton), Latviya (5 min ton), Almaniya (5 min ton), Gürcüstan (4 min ton), Litva (4 min ton), Bolqarıstan (3 min ton) və Azərbaycan (3 min ton) olub. 

Maraqlıdır, ölkədə hətta unlu qənnadı məhsulu belə istehsal edilmir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında deyib ki, qənnadı məhsulların hazırlanması bir necə mərhələdən keçməlidir: 

“Birinci növbədə xammal bazası olmalıdır. Xammal bazası ölkəmizdə unlu qənnadı istehsalı üçün yetərli səviyyədə deyil. Öncəliklə qeyd edim ki, unlu qənnadi hazırlamaq taxıl buğda sahələri inkişaf etməlidir. Ölkəmizdə isə taxıl sahələri heç çörək istehsalı üçün yararlı deyil. Çünki ölkəmizdə buğdanın keyfiyyəti çox aşağı səviyyədədir. Bu səbəbdən qənnadı üçün gərəkli olan unu ölkə daxilində istehsal edə bilmir, Rusiya və Ukraynadan idxal hesabına qarşılayırıq”. 

Ekspert vurğulayıb ki, qənnadı məhsullarının istehsalı hələ sovet dönəmindən aşağı səviyyədə olub:

“Qənnadı məhsulları hazırlanması üçün ölkəmizdə ciddi kadr və texnologiya çatışmazlığı var. Bu səbəbdən o sahədə inkişaf çox aşağı səviyyədə olub. Eyni zamanda, o sahəyə maraq da az olub. Qənnadı istehsalı ölkə daxilində daha baha başa gəlir. Yalnız bir neçə biskvit fabriki var. Onlar da ölkə daxilitəlabatı qarşılayacaq səviyyədə deyil”. 

Həsən Məmmədov 
"Cebhe.info"