Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB

Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB

Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 471,6 milyon manat təşkil edib.

"Cebhe.info" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 % az, ilin əvvəlinə nisbətən 1,4 % çox, illik müqayisədə isə 5,9 % çoxdur.

Bunun 56,5 %-i, yaxud 21 milyard 164,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,5 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,3 % artaraq 13 milyard 678,7 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 3,7 % azalaraq 2 milyard 628,5 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 563,8 milyon manatı (il ərzində 5,2 % azalıb) qısamüddətli, 14 milyard 907,7 milyon manatı (28,7 % artıb) isə uzunmüddətli olub.

Ölkədə 22 bank fəaliyyət göstərir.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, inflyasiya sürətlənəndə əhali depozitlərini geri çəkərək onu müxtəlif vasitələrlə qorumağa çalışır:

"Amma inflyasiya zəifləyəndə bu tendensiya depozitlərin artmasını stimullaşdırır. Yəni inflyasiya olanda depozitlərin üzərinə gələn faizlər nominal dəyərdə qalır, real dəyəri itir. Amma inflyasiya zəifləyəndə tendensiya əksinə olur, insanlar depozit qoymağa daha çox üstünlük verirlər".

Ekspert bildirib ki, depozitlərin artmasının əsas səbəbi ölkədə ötən ilin 4-cü rübündən başlayaraq inflyasiyanın sabitləşməsi ilə bağlıdır:

"Hazırda sabit inflyasiya şəraiti olduğu üçün depozitlərin artması təbii haldır". 

Ləman İsmayıl
"Cebhe.info"