Dollar avro qarşısında dəyər itirir: İnvestorları sərmayələrini...

Dollar avro qarşısında dəyər itirir: İnvestorları sərmayələrini...

“Ötən 10 il ərzində dolların qoruyucu aktiv olaraq statusu heç vaxt şübhə altına alınmamışdı. Lakin Donald Trampın siyasəti və “ticarət müharibələri”nin başlanması nəticəsində, dünya iqtisadiyyatında yeni tendensiyalar yaranıb. Bu prosesdə avro, dolların mövqeyini əvəz etməyə başlamışdır".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.  

Nəşrin yazdığına görə, ABŞ dövlət istiqrazlarının gəlirliyinin artması və dolların dəyərinin düşməsi ilə müşayiət olunan bu vəziyyət, investorları sərmayələrini avroya yönəltməyə məcbur edib. Bu cür dəyişikliklər bazar dinamikası və analitiklərin gözləntilərinin yenidən nəzərdən keçirilməsi ilə özünü göstərir.

Bir çox treyder avronun dollar qarşısında 1,2 səviyyəsinə qalxacağını istisna etmir ki, bu da 2021-ci ildən bəri ən yüksək səviyyə olacaq. Lakin bu artım hələlik çoxsaylı əsas proqnozlara daxil edilməyib. Avro, dolların problemlərindən başlıca faydalanan kimi ortaya çıxır. Çünki investorlar Vaşinqtonun tətbiq etdiyi siyasətlərin yaratdığı riskləri daha yaxşı başa düşürlər.

Avropada da bu vəziyyəti avronun dünya ticarətində daha böyük rol oynaması üçün bir fürsət olaraq qiymətləndirirlər. Almaniyanın maliyyə naziri Yorq Kukis bu barədə açıq şəkildə bəyan edib.

Ekspertlər bildirirlər ki, Avropa Mərkəzi Bankları güclü avrodan narazı ola bilər, çünki bu, Avropa iqtisadiyyatının böyüməsinə təhdid yarada bilər.

Beləliklə, dolların zəifləməsi ilə əlaqədar yaranan yeni tendensiyalar, qlobal valyuta bazarlarında dəyişikliklərə səbəb olmaqla yanaşı, Avropa üçün yeni imkanlar da yaradır.

Ancaq bu inkişafların uzunmüddətli təsirləri barədə hələlik dəqiq fikir formalaşmayıb.

Səbinə Uğur
"Cebheinfo.az"