Evlər bahalaşır: Ümid ipotekaya qalır

Evlər bahalaşır: Ümid ipotekaya qalır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 338 621 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 % azdır. 11 aylıq göstəricinin 58 812-si (17,4 %) ilkin, 279 809-u isə (82,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 57 225-i fərdi yaşayış və bağ evi, 78 347-i mənzil, 191 204-ü torpaq sahəsi, 3 114-ü qeyri-yaşayış binası, 7 940-ı qeyri-yaşayış sahəsi, 738-i əmlak kompleksi, 53-ü isə çoxmərtəbəli yaşayış binasıdır. 

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 88 494-ü Bakının, qalanı isə bölgələrin payına düşüb. Hesabat dövründə 255 838 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,35 % azdır. Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 8,9 % azalaraq 67 648 olub. 

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu kimi dəyişikliklər iqtisadi proseslərdən asılıdır: 

"Pandemiyadan sonrakı dövrdə tələbat artdığı üçün bir çox fərdi evlərin, torpaq sahələrinin alqı-satqısında dəyişiklik baş verib. 

Bu kimi dəyişikliklərin olması labüddür. Dövlət bəzi islahatlar keçirir. Məsələn, çoxmənzilli binaların istismara qəbul olunması ilə bağlı 2022-ci ildə işlər sürətlənmişdi. İnşa olunmuş və içində yaşayış olan binalar sabit şəkildə istismara qəbul edilməyə başladı. Bu da prosesə böyük təkan verdi”. 

İpotekalara gəldikdə, ekspert  qiymət artımının vətəndaşları ipotekalara müraciətə daha çox vadar etdiyini deyib:

“Ona görə də əvvəlki illə bu il arasında müəyyən fərqlər özünü göstərir". 

Ləman İsmayıl 
"Cebheinfo.az"