Trampın tariflərindən sonra bitkoin çöküb

Trampın tariflərindən sonra bitkoin çöküb

ABŞ Prezidenti Donald Trampın tarif paketi ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda bitkoin 75 min dollardan aşağı düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "CoinMarketCap" platformasında məlumat yer alıb.

Bildirilib ki, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 10,58 faiz azalaraq 2,39 trilyon dollara düşüb.

Ən böyük kriptovalyuta olan bitkoinin qiyməti ABŞ-ni aqressiv tarif siyasətinin mümkün nəticələri ilə bağlı qeyri-müəyyənlik fonunda son 24 saat ərzində 10 faizdən çox ucuzlaşaraq 75 min dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, bitkoin 74 980 dollardan alınıb və həftəlik dəyər qazancı 8,36 faiz təşkil edib.ABŞ-nin tarif paketi qlobal iqtisadi yavaşlamaya səbəb ola biləcək genişmiqyaslı “ticarət müharibəsi”nin başlaya biləcəyi ilə bağlı narahatlıqları artırıb. Çin və Avropa İttifaqı (Aİ) daxil olmaqla, bir çox ticarət tərəfdaşları artıq əks tədbirləri elan ediblər.

Bitkoinin son günlərdə təxminən 80 000 ilə 85 000 dollar arasında ticarəti davam etməsi diqqət çəkib. Tramp aprelin 2-də axşam saatlarında 185 ölkəyə tariflər tətbiq edəcəyini açıqlamazdan əvvəl bir bitkoin hələ də 87 min dollar civarında idi.

Tramp seçki kampaniyası zamanı rəqəmsal aktivləri dəstəkləyərək ABŞ-nin "dünyanın kriptovalyuta paytaxtı" edəcəyinə söz vermişdi. Trampın “Milli bitkoin ehtiyat planı” da var.

Donald Tramp rəqəmsal valyutaların tərəfdarı kimi görünür, lakin indiyə qədər kriptovalyuta tərəfdarlarının ümidlərini doğrulda bilməyib. Bitkoin Trampın vəzifəyə gəldiyi gün 109 000 dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatdı.

Bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”-un qiyməti də təxminən 22 faiz ucuzlaşaraq 1421 dollar olub.

Nigar Hacılı 
"Cebheinfo.az"