Məşhur müğənni kosmosda oxumaqdan imtina etdi: Torpağı öpdü

Məşhur müğənni kosmosda oxumaqdan imtina etdi: Torpağı öpdü

Xəbər verdiyimiz kimi, amerikalı məşhur müğənni Keti Perrinin də yer aldığı bir qrup tanınmış şəxs “Amazon”-un qurucusu Jeff Bezosa məxsus "Blue Origin" kosmik şirkətinin raketi ilə kosmosa səyahət edib. 

"Cebheinfo.az" xəbər verir ki, Texasdan buraxılan "New Shepard" adlı raketlə həyata keçirilən uçuş cəmi 10 dəqiqə davam edib və Keti Perri Yerə qayıtdıqdan sonra ilk işi torpağı öpmək olub. Jeff Bezosun təsis etdiyi "Blue Origin" şirkətinin təşkil etdiyi bu səyahətdə Aisha Bove, Amanda Nguyen, Kayle King, Kerian Flynn və Lauren Sançez kimi digər tanınmış qadınlar da iştirak edib. Karman xəttini keçərək kosmosa daxil olan kapsulun içindəki ekipaj 4 dəqiqə ərzində mikrocazibə və ya başqa sözlə, çəkisizlik hissini yaşayıb. Onlar bu müddət ərzində oturacaqlarından ayrılaraq sərbəst şəkildə hərəkət ediblər. 

Qeyd edək ki, Karman xətti dəniz səviyyəsindən 100 kilometr yüksəklikdə yerləşir və bu sərhəd Yer atmosferi ilə kosmos arasındakı sərhəd olaraq qəbul olunur. Bu sərhədi keçənlər isə rəsmi olaraq "astronavt" adını qazanırlar. Raketin uçuş zamanı səs sürətindən üç dəfə daha artıq sürətə çatdığı bildirilir. "Blue Origin" şirkəti 2021-ci ildən bəri 10 dəqiqəlik ödənişli kosmik turlar təşkil edir. Bu uçuş isə tarixə düşən hadisə kimi yadda qalıb. Son 60 ildən sonra ilk dəfə olaraq yalnız qadınlardan ibarət bir ekipaj kosmik missiyada iştirak edib. Daha əvvəl bu cür missiya 1963-cü ildə rus əsilli astronavt Valentina Tereşkova tərəfindən həyata keçirilib. Daha əvvəl Keti Perri sosial media hesabında kosmosa hazırlıq təlimlərindən görüntüləri paylaşmışdı. 

"Kosmik təlimdəyəm və həzm ediləsi çox şey var. Günün sonuna yaxınlaşırıq və bizə kapsul göstərildi. Digər kapsulda simulyasiya təcrübəsi keçiririk. Kapsulun adı "Tortoise" (“Tısbağa)", – deyə bildirib. Daha əvvəl verdiyi açıqlamalarda isə bunları söyləyib:

"Əgər uşaqlıqda mənə kosmosa gedəcək ilk qadın ekipajın bir hissəsi olacağımı desəydiniz, inanardım... Çünki uşaq vaxtı xəyal gücümdə mümkün olmayan heç nə yox idi". 

Uçuş zamanı ekipaj üzvü King Keti Perrinin "What a Wonderful World" mahnısını ifa etdiyini açıqlayıb. Perri isə "Bu mahnını əvvəllər də ifa etmişdim. Bunu mənə içimdəki bir güc etdirirdi. Bir gün kosmosda bu mahnını oxuyacağım heç ağlıma gəlməzdi", deyib. Ekipaj yoldaşları ondan "Roar" və ya "Firework" kimi öz məşhur mahnılarından birini oxumasını istəsələr də, o, bu istəyi rədd edib. Perri bildirib ki, bu an onunlabağlı deyil və bu təcrübə qadınlara ilham vermək məqsədi daşıyır:

"Bu, gələcəkdəki qadınlar üçün yol açmaqla, çöldə gördüyümüz bu gözəl dünyanı dəyərləndirməklə bağlıdır. Hər şey Yer kürəsinin xeyrinədir". 

Əfsanə Rəcəb 
"Cehbeinfo.az"