Psixoloqdan Akif İslamzadəyə cavab: “Yaşı kamala gəlmiş insandan...”

Psixoloqdan Akif İslamzadəyə cavab: “Yaşı kamala gəlmiş insandan...”

Son günlərdə tanınmış müğənni Akif İslamzadənin qadınlarla bağlı söylədiyi fikirlər cəmiyyətdə rezonans doğurub.

Belə ki, sənətçi “Yeni Sabah”-a açıqlamasında cəmiyyətdəki bütün problemlərin kökündə matriarxatlığın dayandığını deyib: 

“Məktəbləri də buna nümunə göstərmək olar. Orada da əksəriyyət qadın müəllimlərdir. Qadınların məktəblərdə, digər sahələrdə, cəmiyyətdə üstünlük təşkil etməsi əksər problemlərin kökündə dayanan səbəblərdəndir. Bu da son zamanların əlamətləridir".

Onun sözlərinə görə, orta məktəblərdə, ali təhsil müəssisələrində qadınların üstünlük təşkil etməsi problemlərin yaranmasına səbəb olur: 

“Unutmayın ki, xanımlar ən yaxşı halda məlumat verə bilərlər. Ancaq qadın elm verə bilməz. Bizim elm ocağımız yoxdur. Elmi ocaqda, universitetlərdə, məktəblərdə müəllim qalmayıb. Hamısı müəllimələrdir. Allah qadını belə yaradıb. Ona elm verilməyib. İstisnalar da olur. Məsələn, böyük şəxsiyyətlərin yanında çiyin-çiyinə qadınlar olublar. Üzeyir bəyin yanında Məleykə xanım, Niyazinin yanında Həcər və sairə. Onlardan danışıb qurtarmaq olmaz”. 

Akif İslamzadənin bu sözlərinə məşhur psixoloq Əfsanə Rüstəmova da cavab verib. O, “Cebhe.info”-ya açıqlamasında təəssüflə bildirib ki, Akif İslamzadə öz fikrinin istinad nöqtəsini Allah olaraq göstərib: 

“Bəzi inanc sahiblərinin qız uşaqlarının təhsilinə qadağa qoyduğu dövr hələ də davam edərkən cəmiyyət üçün faydalı sayılan insanların elmi cinsiyyətlə ayırması insana özünü qəribə hiss etdirir. İnanc sistemində hər kəsə Allahın bir adı və ya bir üzü daha yaxındır. Yəqin ki, Akif İslamzadə də bu aspektən yola çıxaraq dəyərləndirib. Hər bir halda yaşı kamala gəlmiş insanlardan bunu eşitmək cəmiyyətə və sistemə inamı azaldır. Bu həyatda inamsız insandan daha təhlükəli heç nə yoxdur”. 

Elmir Mustafa 
“Cebhe.info”