“Arşın Mal Alan” Aşqabadda - FOTOLAR

Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Türkmənistanda klassik Azərbaycan ənənələri yaşamaqda davam edir. Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada doğumunun 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası teatrsevərlərin görüşünə gəlib.
Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tamaşanı izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri axşamın sonunda sənətçilərlə görüşüb, onlara gül dəstələri təqdim etmişlər.
Qeyd olunub ki, “Arşın Mal Alan” tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən isə etibarən bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq tamaşaya qoyulur. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.
"Cebheinfo.az"