"Ən yadda qalan doğum günüm pandemiyada..." - Razi Nurullayevlə səmimi söhbət

"Ən yadda qalan doğum günüm pandemiyada..." - Razi Nurullayevlə səmimi söhbət

Bu gün Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayevin doğum günüdür.

52 yaşını qeyd edən deputat doğum günü ilə bağlı təəssüratlarını Cebhe.info ilə bölüşüb.

- Razi bəy, doğum gününüzü harada və kimlərlə keçirirsiniz?

- Mən hazırda Gürcüstandayam. Tiflisdə Beynəlxalq bir konfransda iştirak edirəm. Ona görə də doğum günümü keçirməyə vaxtım yoxdur. Burada Cənubi Qafqazın Rusiya dominantlığından xilas olması kimi məsələlərlə bağlı beynəlxalq konfrans keçirilir. Cənabi Qafqazda təhlükəsizlik və s. məsələlər müzakirə olunur. Mən də iştirak edirəm. O baxımdan, doğum günümü keçirməyə vaxt olmadı və iş başındayam.

- Bu saata qədər kimlər sizi təbrik edib?

- Dayanmadan zənglər gəlirdi, amma konfransda olduğuma görə telefonumu "təyyarə rejimi"nə qoydum. Saysız-hesabsız zənglər gəlib. Deputat həmkarlarımdan, dostlardan, seçicilərdən və jurnalistlərdən yüzlərlə təbrik mesajı almışam. Hamısına təşəkkür edirəm.

- Bəs Gürcüstana getmədən öncə və ya orada olarkən hədiyyə almısınızmı?

- Xeyr, amma burada hədiyyə almaq imkanım da, gözləntim də yoxdur. Açığı, "Facebook"da da doğum günümün vaxtını dəyişmək istəyirdim. Amma "Facebook" mənə bir neçə narahatedici suallar verdi və hesabıma nəsə olacağından qorxduğum üçün dəyişə bilmədim. Çünki doğum günümün bilinməyini və o qədər də üzə çıxmağını istəmirdim.

- Nə üçün gizlətmək istəyirdiniz? Bildirişin insanları narahat etməməsi üçün?

- Bəli, insanları narahat etmək istəmirdim. Əslində doğum günü təbrikləri almaq xoşdur. Amma çox adamın bilməyini və narahat olmağını istəmirdim.

- İndiyə kimi aldığınız ən maraqlı və ən bahalı hədiyyə nə olub?

- Deputat həmkarlarım tərəfindən bahalı hədiyyə almışam, amma onu açıqlamaq düzgün olmaz. Ən yadımda qalan təbriklərdən ikisini isə sizə deyəcəm. Həmişə qızlarım müxtəlif şəkillər çəkərək məni doğum günümdə təbrik edirdilər. O yadımdan çıxmır. Bir dəfə də doğum günümə gül hədiyyə olunmuşdu. O gül buketi o qədər böyük idi ki, onu yük maşını ilə gətirdilər və necəsə yuxarı qaldıra bildilər. Yəni həddindən artıq böyük gül buketi idi və onu 4-5 nəfər götürməli idi.

- Bəs kimin göndərdiyini bilmək olar?

- Yox, onu demək etik olmaz. Hər halda, sağolsun.

- Bəs ən yadda qalan doğum gününüz hansı olub?

- Müxtəlif səbəblərə görə ən yadda qalan doğum günüm pandemiya vaxtı karantin rejiminə uyğun keçirdiyim doğum günü idi. Həmin vaxtı restoranda yoxlama da aparıldı, karantin qaydalarına uyğun keçirildiyini gördülər və getdilər. O vaxtı karantin qaydalarına əsasən, hər masa ətrafında 4 nəfər əyləşmişdi. Yəni gördülər ki, hər şey qayda-qanuna uyğun təşkil olunub. Çox maraqlı idi və xoş bir sürpriz kimi yadımda qalıb.

- Razi Nurullayevin ən böyük xəyalı nədir?

- Həqiqətən səmimi olaraq deyirəm ki, ən böyük xəyalım Azərbaycanın bu münaqişələrdən başının dincəlməyidir. Yəni tam olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilək. Birdəfəlik Qarabağ yaramız qalmasın. Başqa işlərə, vətəndaşların rifahı və ölkəmizin inkişafı üçün daha çox vaxt sərf etməyimizi görmək istəyirəm. O münaqişə 30 il bizim ömrümüzü məhv etdi. İndi də xarici qüvvələrin təsirinə görə yenə də çox böyük çətinliklərlə üz-üzəyik.

İstəyərdim ki, bizi təhdid edən olmasın, münaqişələr olmasın. Hazırda Ermənistanla yanaşı, İran, Rusiya və başqa ölkələrin də təhdidi var. Doğrudan da, bir az bezdiricidir. Ölkəmizin tam əsayiş və rahatlıq içində olmasını istəyirəm. Çünki hamımızın övladları var. Adam istəyir ki, Azərbaycan insanları, övladlarımız, bacı-qardaşlarımız, seçicilərimiz, vətəndaşlarımız və ümumən xalqımız rifah içində yaşasın. Ən böyük xəyalım budur.

Cebhe.info xəbər portalı, “Cümhuriyət” qəzeti və “Cebhe TV” kollektivi olaraq biz də hörmətli Razi Nurullayevi təbrik edirik, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

Elmir Mustafa
Cebhe.info