İlahiyyatçı: "Qasim Süleymani öldürüləndə, profillərinə onun şəklini qoymuşdular..." - MÜSAHİBƏ

İlahiyyatçı: "Qasim Süleymani öldürüləndə, profillərinə onun şəklini qoymuşdular..." - MÜSAHİBƏ

Azərbaycanda dini radikalizm cəmiyyətin təqdir etmədiyi bir məsələdir.

Tolerant bir cəmiyyətdə radikalizmə meyilli şəxslər hər zaman cəmiyyətdən tərəfindən dışlanır. Dini radikalizm cəmiyyəti geri sürükləmək və inkişafdan saxlamaqdır.

Dövlətin müvafiq qurumları təhlükəli dini radikalizmə qarşı tədbirlər aparır və bu proses hər zaman diqqət mərkəzindədir. Son zamanlar müxtəlif təxribatlara cəhd edən İranın xüsusi xidmət orqanlarına işləyən, eləcə də İranda radikal dini cərəyanların təsiri altında olan bir çox qruplaşmaların üzvləri həbs edilib.

Dini radikalizmə aparan amillər, səbəblər və bunun nəticələri ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya müsahibə verib.

- Tural bəy, təəssüflər olsun ki, hazırda Azərbaycan cəmiyyətində dini radikallizmin güclənməsini arzulayan qüvvələr var. Sizin fikrinizcə, buna niyə cəhd edilir?

- Sovet hökümətinin dağılmasından sonra bir sıra boşluqlar yarandı. Bu boşluqları əsasən xarici dövlətlərin, xüsusilə İranın və Səudiyyə Ərəbistanın dini fondlarına bağlı olan müəyyən cərəyanlar doldurmağa cəhd etdilər. Həmin cərəyanlar qaçqınlara, məcburi köçkünlərə və yoxsul təbəqəyə yardım etmək adı altında radikal dinin təbliğat aparmağa çalışırdılar. Münasib şərait yarandıqdan sonra öz maraqlarına uyğun təbliğat kampaniyalarına başladılar. Bildiyimiz kimi, 90-ci illərdə Azərbaycanda ənənəvi təriqətlər, xüsusilə də sələfilik yox idi. Boşluqdan istifadə edilirək bu da ölkəmizə gətirildi. Bununla yanaşı, İranın təsiri ilə ölkəmizdə şiəliyi siyasətə alət etməyə cəhd edən radikal cərəyanlar da formalaşıb.

Həmin cərəyanlar da öz təsir dairələrinə düşən gəncləri dini təhsil almaq adı altında İranın Qum və digər şəhərlərinə göndərdilər. İranda müəyyən dini dairələr, kəşfiyyat xidmətləri tərəfindən ələ alınan bu adamlar təhsilini başa vurduqdan sonra Azərbaycana döndülər və ölkəmizdə din pərdəsi altında dinə heç bir aidiyyəti olmayan təbliğatlarla məşğul oldular. Daha doğrusu, onlar insanlar arasında məqsədyönlü şəkildə dini xurafatın yayılmasına üstünlük verdilər.

Əlbəttə, bu kimi halların baş verməsində aidiyyəti qurumlar da məsuliyyət daşıyırlar. Elə Qafqaz Müsəlmanları İdarəsinin bu məsələdə məsuliyyəti var. İdarənin kortəbii fəaliyyəti nəticəsində Azərbaycanda iranlı din xadimlərinin zərərli kitabları təbliğ olundu, onların ideyaları yayıldı. Həmin iranlılar 30 il ərzində insanlarımızın beyinlərinə yeritdilər ki, filan din xadimlərinə inanmaq və etiqad eləmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin təyin elədiyi axundlar istər ictimai, istərsə də virtual səviyyədə bəyan edirlər ki, vilayyəti-fəqihə (yəni, müctehidin hökumət qurub hökmdar olması) təqlid eləmək lazımdır, guya vilayyəti-fəqihə bağlılığı olmayan şəxsin namazı batildir. Bu zaman cammat da çaşbaş qalır və bilmir kimə inansın.

Bu günlərdə də həmin iranlıların kitabları təbliğ olunur. Həmin kitabları oxuyan insanlar da dini xurafatın təsirinə məruz qalırlar. Onlara deyilir ki, İrandakı ayətullahlara etiqad eləmək lazımdır, nə bilim İraqda ayətullah Sistanin ideologiyasının dalınca qaçmaq lazımdır. İrandakı molla rejimi də xurafat vasitəsi ilə öz dini ideologiyasını yayır. Yəni, bu rejimin ünsürləri insanları cahilləşdirirlər, Quran oxumağa qoymurlar, öz yazdıqları kitabların oxunmasını təkid edirlər. Bu kimi vasitələrlə insanları yavaş-yavaş özünlərinə bağlayırlar. Bizim dini təbliğatımız düzgün qurulmalıdır. Milli islam modelimizi tətbiq etsək, insanlarımız nə İrana, nə də İraqa gedib oradakı ayətullahlara təqlid etməzlər. Ölkəmizdə uzun müddət din alimlərinin yetişməsinə də imkan verilməyib.

Şükürlər olsun ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə ciddi və münasib addımlar atır. Məscidlərə axundların təyin edilməsi səlahiyyətinin bu komitəyə verilməsi ilə çox düzgün addım atılıb. Azərbaycanda dini vəziyyətə təsir edən amil güclü nəzarətin olmaması, düzgün təbliğatın aparılmaması olub. Bu gün Bakı İslam Universitetinin 3500 məzununun diplomları Elm və Təhsil Nazirliyi tərəfindən tanınmır. Nəticə etibarı ilə insanlarımız İran, İraq və digər ölkələrə gedib oranın din xadimlərinə təqlid edirlər. Bir mühəndis, bir hüquqşünas elmi iş götürüb alim ola bilər, amma din xadimləri və ilahiyyatçılar üçün bu cür münasib imkanlar yaradılmır. Ölkəmizdə istedadlı və bilikli din xadimlərin və ilahiyyatçıların yetişməsinə ehtiyac var. Qoy, insanlarımız öz din xadimlərinə təqlid etsinlər.

- Son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin təhlükəsizliyinə təhdid törədən müxtəlif dini cərəyanlara qarşı mübarizə tədbirləri gücləndirilib. Sizcə, radikal dini kəsimə qarşı görülən tədbirlər daha da sərtləşdirilməlidir?

- Təbii ki, bu mübarizə davam etdirilməlidir. Adi iğtişaş yaradan, məqsədyönlü şəkildə xurafat yayan qruplaşmalara qarşı ən sərt mübarizə aparılmalıdır. Hətta deyərdim ki, hazırda atılan addımlar gecikmiş tədbirlərdir. Xurafatla məşğul olan adamların kök artmasına imkan vermək lazım deyil. Xalq da, millət də təhlükəsizlik orqanlarının radikal dini cərəyanlara qarşı mübarizəsini dəstəkləyir. Necə ola bilər ki, ölkənin müstəqilliyinə təhdid yaradalar, onlar barəsində bir tədbir görülməsin? Dövlətin varlığına və onun siyasi müstəqilliyi əleyhinə addımlar atan şəxslərin qarşısı dərhal alınmalıdır. Dövlət olmasa nə din olar, nə iman olar, nə də məzhəb olar. Bu reallığı din adamlarının çoxu başa düşmürlər. Ona görə də onların fəaliyyətlərinə birmənalı şəkildə son qoyulmalıdır.

Hesab edirəm ki, ölkəmizdə din məsələsinə çox azadlıq verilib. Ərəb ölkələrində belə bu qədər din azadlığı yoxdur. Ölkəmizin müxtəlif yerlərində məscidlər tikilir və insanlar kütləvi şəkildə gedib namaz qılırlar. Lakin xarici dövlətlərin maraqlarına xidmət edən bəzi bədnam din xadimləri bundan sui-istifadə edərək, radikal dini qruplaşmalar yaratmağa cəhd göstərirlər.Məscidlərə bu qədər axund təyin olunub, ancaq onların birinin də dini radikalizm barədə səsi çıxmır. Bu, məni çox təəcübləndirir. Yaxşı din siyasətdən ayrıdır, amma onu ədalətdən ayıra bilmərik. Adamın insafı və vicdanı olar. İranın generalı Qasim Süleymani öldürüləndə, hamısı profillərinə onun şəkillərini qoymuşdular. Onda din siyasətdən ayrı deyildi? Bu kimi mənfi hallar barədə hansısa mollaya və ya axunda xəbərdarlıq edəndə, deyirlər ki, biz siyasətə qarışmırıq.

- Ölkəmizdə dini radikalizmin qarşısının alınması üçün hansı zəruri maarifləndirici tədbirlər görülməlidir?

- Dini radikallizmin qarşısının alınması üçün ilk növbədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini artırmaq lazımdır. Hesab edirəm ki, bu komitə dini təbliğatla bağlı münasib tədbirlər görür, uğurlu addımlar atır. Bu komitənin fəaliyyətini hamı dəstəkləməlidir, hamı dayaq olmalıdır. İkincisi, ölkəmizdə milli təfəkkürdə olan ilahiyyatçılarımız var. Bu insanlara şərait yaradılmalıdır ki, onlar çıxıb düzgün dini maarifləndirmə aparsınlar, insanları həqiqi dini imana və etiqada çağırsınlar. Çünki bu gün məscidlərdə oturan axundlar, bəzi xurafatçılar "YouTube"-da kanal açıblar, hərəsi bir dini cərəyanın təbliğatını aparır. Onlar insanları ələ almaq üçün kifayət qədər resurslara malikdirlər. Buna görə də dövlətyönümlü, vətənpərvər və milli təfəkkürdə olan ilahiyyatçılar yetişməlidir. Dini maarifləndirmənin aparılması üçün həmin din xadimlərinə mətbuatda imkan yaradılmalıdır.

Bir daha təkrar edirəm, ölkəmizdə elmi səviyyədə din xadimlərinin yetişdirilməsinə ehtiyac duyulur. Məsələn, vaxtilə İslamı dərindən bilən Vasif Məmmədəliyev, Ziya Bünyadov və digər alimlərimiz vardı. Amma bu günləri həmin alimlərin yerini dolduran şəxslər yoxdur. Ona görə ki, Bakı İslam Universitetinin yetişdirdiyi məzunlara fəaliyyət göstərməsinə imkan vermədilər. Dində radikalizmin qarşısını almaq üçün bu istedadlı şəxsləri irəli vermək lazımdır. Qoy, İranın höcətül-islamı, Qumda səkkiz il oxuyan gəlib meydan oxumasın.

- Orta məktəblərdə dinlə bağlı dərslər tədris olunmalıdırmı?

- Uzun müddət ərzində orta məktəblərdə dinin tədris olunması ilə bağlı təkliflər verilib. Hesab edirəm ki, məktəblərdə dini tədris yox, dini maarifləndirmə aparılmalıdır. Tədris başqa bir anlam ortalığa qoyur. Tədris üçün gərək kitab və ya dərslik materialı hazırlansın. Məktəblərdə dini maarifləndirmə ilə bağlı kursların açılmasını daha məqsədəuyğun hesab edirəm. Həmin kurslarda şagirdlərə İslamın tarixi, mahiyyəti və istiqamətləri, o cümlədən məzhəblər və təriqətlər barədə məlumatlar verilməlidir. İnsanlarımızın dini maariflənməyə ehtiyacı var.

Yunis Abdullayev
Cebhe.info