“Normaya uyğun istehsal edilsə, ət 2 dəfə ucuzlaşacaq”- MÜSAHİBƏ

“Normaya uyğun istehsal edilsə, ət 2 dəfə ucuzlaşacaq”- MÜSAHİBƏ

“Təəssüflər olsun ki, o zaman hökumət biz deyəni eşitmədi”

Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.8 faiz artım olub. Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə idxal olunan ətin statistik dəyərində isə 1.7 dəfə artım qeydə alınıb. Qeyd edək ki, son vaxtlar ölkəyə ət idxalının artması ilə yanaşı bazarda da ətin qiyməti də yüksəlir. Bölgələrdə isə artıq kənd sakinləri belə, heyvandarlıqla məşğul olmaq istəmir, bunu da örüşlərin olmaması, yemin baha olması ilə əlaqələdirirlər.

Bu sahədə mövcud vəziyyətlə bağlı “Cümhuriyət”-in müsahibi kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlidir:

-Vahid müəllim, vaxtilə heyvandarlığın inkişaf etdiyi ölkə olan Azərbaycanda niyə ət idxalı getdikcə artır? 

-2015-2017-ci illərdə devalvasiya olduqda, manat dəyərdən düşəndə hökumət Azərbaycanda kənd təsərrüfatının inkişafı, məhsulların artımı ilə bağlı bir sıra addımlar atdı. Xüsusən də bu pambıqçılığın inkişafı ilə bağlı oldu. Əgər əvvəllər 30 min hektarda pambıq əkini həyata keçirilirdisə sonra bunu 120-130 min hektara qədər artırdılar. İndi 99 min hektara düşüb. 

O zaman biz xəbərdarlıq etdik ki, örüş ərazilərindən istifadə etməsinlər. Yəni orada heyvan otlayır, ancaq məhsul əldə edilmir və onlar qeyri-peşəkar olduqları üçün anlaya bilmirlər ki, heyvanın otlaması süd, ət demək deyil. Biz həmçinin bildirdik ki, heyvandarlığı inkişaf etdirmək üçün əgər bu işi görürsüzsə ot, yem, şirəli yem istehsalını artırın. Onu da etmədilər. “2019-2023-cü ildə Heyvandarlığın inkişafı ilə bağlı Dövlət proqramı” qəbul edilmişdi. Həmin dövlət proqramının ümumiyyətlə, kənd təsərrüfatına, heyvandarlığa aidiyyəti olmadığını dedik.

Sadəcə, “gözə kül üfürmək” üçün cızma-qara etmişdilər. Onlar ət istehsalında artım nəzərdə tutmuşdular, ancaq istehsal deyil, idxal artıb. Təəssüflər olsun ki, o zaman hökumət biz deyəni eşitmədi. Çoxlu örüş ərazilərini kəndlilərin əlindən aldılar və həmin örüş ərazilərində əkinlə məşğul oldular. Pambıqçılıqla, tütünçülüklə, fındıqçılıqla, taxılçılıqla bitkilərin ərazilərini genişləndirməyə başladılar.

Nəticədə ot, yem, şirəli yem istehsalı azaldı. Bu da ona gətirib çıxardı ki, heyvandarlıqla məşğul olan kəndlilər artıq örüş ərazilərinin olmadığını gördü və heyvanlarını məcburi kəsimə verdilər. Heyvanların da baş sayı, ət, süd istehsalı da azaldı. Baxmayaraq ki, bunlar ət istehsalında artım göstərir. Nəyin hesabına artım göstərir? 

Bu il 63 faiz ət idxalı, 50 faizə yaxın diri heyvan idxalı artıb. Onlar xüsusən kəsim üçün xaricdən gətirilən diri heyvanı da daxildə kəsimə verib onu daxili istehsal kimi göstərirlər. Yəni xaricdən nə qədər çox kəsim üçün diri heyvan gətirilsə, bu, o deməkdir ki, istehsalda artım göstərəcəklər. Həqiqətdə isə istehsalda azalma var. Belə olan halda ölkədə əhalinin alıcılıq qabiliyyəti aşağıdır, ancaq ət idxalı, ölkəyə gətirilən diri heyvanların sayı artır. Bu ona görə baş verir ki, istehsalda ciddi azalma var. Səbəbi də qeyd etdiyim kimi ot yoxdursa, ət olmayacaq.

Biz nə qədər xaricdən ət gətirəcəyik? Qlobal istiləşmə digər ölkələrə də müəyyən təsir edəndə o ölkələr də çalışacaq ki, özlərini daha çox ətlə təmin etsinlər, ehtiyat yığsınlar. Ona görə də Azərbaycan düşünməlidir və gözləməli deyil ki, xaricdən ət, diri heyvan gətirəcək, burada kəsib daxili istehsal kimi göstərəcək, əhalinin ətə olan tələbatını ödəyəcək. Qeyd etdiyim səbəblərlə bağlı bu, mümkün olmayacaq. Belə bir məlumat oxudum ki, bəzi ölkələrdə 2019-2020-ci illərlə müqayisədə 2022-2024-cü illərdə havanın temperaturunda təxminən 1,5 dərəcə artım müşahidə olunub. Bu, ona gətirib çıxarır ki, bəzi ölkələr üçün havanın temperaturunun artımı kənd təsərrüfatı məhsulu istehsalı üçün münbit şərait, bəzi ölkələrdə isə su düzgün idarə olunmadığı üçün ciddi problem yaradır. Yəni bizim kimi ölkələrdə var. Belə olduqda tələbat artır, istehsal isə bir o qədər artmır. Problemdən çıxış yolu kimi uzun müddətdir deyirik ki, su problemini həll edin. 

Örüş sahələrində, biçənəklərdə məhsuldarlığı artırmaq üçün suvarma sistemi qurulmalıdır. Əvvəlki illərdən fərqli olaraq indi suya tələbat artıb, havalar istiləşib. Su problemini həll etmirlər. Həmçinin örüş ərazilərində yemləmə aparılmalıdır. Yəni gübrələr verilməlidir ki, orada ot istehsalı artsın, bunu da etmirlər. Deyirik ki, növbəli otarma təşkil edilməlidir. Yəni əvvəl bir ərazi otarılmalı, sonra digər əraziyə keçilməlidir. Otarılmayan ərazidə də yemləmə, suvarma kimi işlər həyata keçirilir ki, ot örtüyü daha da məhsuldar olsun. Kənd təsərrüfatını özbaşına buraxıblar və ona görə də biz getdikcə idxaldan asılı vəziyyətdə qalırıq.

-Son vaxtlar ətin qiymətindəki artımlar da məhz yerli istehsalın olmamasının və ət idxalının artmasının nəticəsidirmi?

- Yerli istehsalın azalması, bəzi monopolistlərin “fəaliyyətinin” nəticəsidir. Yerli istehsal azalır və qiymət qalxır. Demək ki, gedib xaricdən ət gətirmək lazımdır. Qiymətin də yüksək olması onlar üçün çox münbit şərait yaradır. Biz Gürcüstanla qonşuyuq. Ötən il Gürcüstandan 300 min başa yaxın xırda buynuzlu heyvanlar idxal olunmuşdu.

Necə olur ki, Azərbaycan əhalisi ömür boyu heyvandarlıqla məşğul olub. Gürcüstanda ət istehsalı mümkün olur və onlarda istehsal olunan diri heyvanların xərci azdır, Azərbaycanda yüksəkdir? Əgər xərci az olmasa o heyvanları Azərbaycana idxal etmək mümkün olmazdı. Bizdə məmurlar var ki, onlar istehsalın az olmasına şad olurlar. 

Xaricdə də ət çox ucuzdur. Biz müqayisə aparmışdıq ki, Moskva şəhərində təzə kəsilmiş dana əti 8 manata satılır, Azərbaycanda mən iki dəfə baha, 16 manata aldım. Adətən deyirlər Rusiya böyük ölkədir. Əvvəllər Rusiyada da ət baha başa gəlirdi, ruslar bu işin öhdəsindən gəldilər, ot, yem istehsalını artırdılar. İndi ət istehsalını artırıblar və ətin də maya dəyərini aşağı sala biliblər. Yalnız Rusiya deyil. Gürcüstanda, İranda ət ucuzdur. Bu, ona görədir ki, bu sahəyə diqqət yetirirlər. 

-Bəzi məmurlar idxalın artmasının səbəbini alıcılıq qabiliyyətinin yüksək olması ilə əlaqələndirirlər. Bu fikirlər nə dərəcədə doğrudur?

-Məmurlar o ifadəni ona görə işlədirlər, problemi elə ört-basdır edirlər ki, onların, bir də geniş ictimaiyyətin məlumatı yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma var. Adambaşına il ərzində ət norması 78 kiloqramdır. Azərbaycanda əhalinin sayına görə, il ərzində 800 min ton ət tələb olunur. Ancaq Azərbaycan 300 min ton istehsal edir və 50 min ton da ölkəyə idxal edilən diri heyvanların hesabınadır. Bu, normadan iki dəfədən də aşağıdır. Yəni adambaşına 35 kiloqram düşür.

Belə olanda bir az ət istehsalında azalma baş verən kimi idxal artır. Bu əti də geniş kütlə ala bilmir. Ölkədə alıcılıq qabiliyyəti çox aşağıdır. Son bir neçə ildə bütün məhsulların qiyməti bahalaşıb. Əhalinin istehlak xərci artıb. İndi əhali əldə olunan vəsaitin 55 faizini ərzaq üçün xərcləyib. Əvvələr bu, 45 faiz idi. Yalnız ət deyil, bütün məhsullar bahalaşıb. Ölkədə normaya uyğun ət istehsal olunsa, Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabineti, hökumət o işin öhdəsindən gəlsə, ət idxal etməyə ehtiyac olmaz.

Daxildə istehsal olunan ət Azərbaycan əhalisi üçün kifayət edər. Normaya uyğun ət istehsal etsələr, ətin qiyməti 2 dəfə aşağı düşəcək. İstehsal kifayət qədər deyil, “defisit” var. Sovet dövründən də bilirik ki, belə olduqda malın qiyməti artır. Artıq qiymətlə bağlı o prosesi idarə etmək mümkün deyil. Çünki təklif tələbatı ödəmir. Əgər hökumət il ərzində 78 kiloqram ət istehsalı təşkil etsəydi, tələbat o qədər artmazdı, xaricdən o qədər mal-məhsul gəlməzdi. Onlar problemi ört-basdır edirlər, həqiqəti demirlər. 

Nigar Abdullayeva
"Cebhe.info"