Deputat: “Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”

Deputat: “Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”

“Azərbaycanın Ulu Öndər Heydər Əliyevlə başlayan çox vektorlu enerji strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclaslarının keçirilməsi bunun bariz nümunəsidir:

“Ölkə rəhbərliyi hazırda qlobal prosesləri, xüsusilə, iqlim dəyişiklərini nəzərə alaraq enerji sektorunun fəal şəkildə diversifikasiyasını həyata keçirir.Ənənəvi ixrac sahələri ilə yanaşı şaxələndirililmiş model əsasında yeni layihələr işlənilir. Cənab Prezident İlham Əliyevin konfransın açılış nitqində səsləndirdiyi məsələlər Azərbaycanın sözügedən istiqamət üzrə potensialı və inkişaf perspektivləri haqqında aydın fikir formalaşdırdı. Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan hazırda 12 ölkəyə təbi qaz ixrac edir və bizdən mavi yanacaq almaq istəyən dövlətlərin sayı durmadan artır. Bunlardan əksəriyyətinin Avropa dövlətləri olması isə ölkəmizin qitənin enerji təhlükəsizliyində rolunun artdığının göstəricisidir”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycan “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və digər strateji neft-qaz yataqları sayəsində beynəlxalq enerji bazarlarında önəmli bir aktora çevrilib:

“Ölkəmiz keçən müddət ərzində təkcə neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda enerji ehtiyatlarının müxtəlif bazarlara çatdırılmasını təmin etmək məqsədilə böyük infrastruktur layihələrini həyata keçirib.Bu layihələr çərçivəsində Bakı-Tblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Cənub Qaz Dəhlizi” və TANAP-ı xüsusi olaraq qeyd etmək lazımdır.

Məhz bu səbəbdən Azərbaycanın uğurlu enerji strategiyası ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, tərəfdaşların enerji təhlükəsizliyində mühüm rol oynayır. Beləliklə, Azərbaycanın çoxşaxəli enerji siyasəti onu regionun və Avropanın etibarlı tərəfdaşına çevirib. Bu strateji yanaşma həm ölkəmizin dayanıqlı inkişafını təmin edir, həm də qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir”.

Elmir Mustafa
“Cebheinfo.az”