Paşinyan Konstitusiyanı özü üçün dəyişir

Paşinyan Konstitusiyanı özü üçün dəyişir

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması təkcə iki ölkə arasında diplomatik sənəd deyil, həm də regionun gələcəyi üçün strateji dönüş nöqtəsidir.

Lakin bu sazişin real siyasi və hüquqi zəminə oturması üçün İrəvanın daxili normativ bazasında, xüsusən də ölkə konstitusiyasında ciddi dəyişikliklərin aparılması qaçılmazdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın zaman-zaman konstitusiya islahatına çağırışları və Ermənistanın müstəqillik bəyannaməsinə istinad edən, dolayı şəkildə ərazi iddiaları ehtiva edən preambulasının dəyişdirilməsi ehtiyacı bu kontekstdə ön plana çıxır. Bu isə sadəcə texniki və ya hüquqi addım deyil, əksinə, Ermənistan cəmiyyətində dərin siyasi, tarixi və psixoloji qarşıdurmaların mərkəzində duran həssas məsələdir. 

Paşinyan hökuməti bu dəyişiklikləri sülh müqaviləsinin tələbi kimi deyil, “daxili siyasi yetkinliyin göstəricisi” kimi təqdim etməyə çalışsa da, daxili müxalifət və bəzi revanşist dairələr bu prosesi Azərbaycanın təzyiqi kimi qələmə verir. Digər tərəfdən, Ermənistanın konstitusion dəyişiklik qərarı təkcə ölkədaxili siyasi iradə ilə bağlı deyil. Regionda marağı olan xarici oyunçular, xüsusən də Fransa kimi ölkələr sülh prosesinə dolayı müdaxilələrlə bu geosiyasi gedişi öz maraqları çərçivəsində yönləndirməyə çalışırlar. Bu da Ermənistanın qarşısında vacib bir sual qoyur. 

Rəsmi İrəvan öz müstəqil qərarvermə iradəsini ortaya qoya biləcəkmi, yoxsa regionun taleyi növbəti dəfə xarici təsirlərin girovuna çevriləcək? 

Bu mürəkkəb siyasi mənzərədə əsas məsuliyyət, şübhəsiz, həm Ermənistan hakimiyyətinin, həm də ictimaiyyətin üzərinə düşür. Əgər konstitusiya islahatı həqiqətən sülhə aparan yolun başlanğıcı olacaqsa, bu zaman erməni ictimaiyyəti və analitik çevrələr bu prosesə cəsarətlə,  açıq müzakirələrlə yanaşmalıdır. Bu zaman Azərbaycan tərəfinin kompromis mesajlarını da obyektiv şəkildə dəyərləndirmək lazımdır. 

Azərbaycana qarşı ərazi iddiaları

"Cümhuriyət"-ə bu mürəkkəb mənzərəni təhlil edən rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistan Konstitusiyasına dəyişikliklər Azərbaycanla sülh sazişinin imzalanması imkanları ilə bağlı əsas maneələrdən biri olaraq qalır. Onun sözlərinə görə, buna səbəb Ermənistan Konstitusiyasının preambulasında hazırda dövlətçiliyin əsasını təşkil edən Müstəqillik Bəyannaməsinə istinaddır:

"Həmin bəyannamədə Qarabağın Ermənistanın bir hissəsi olduğu qeyd olunur. Konstitusiya bu şəkildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasını təşkil edir. Aydındır ki, sülh sazişinin imzalanması üçün Ermənistanın Azərbaycana qarşı bu ərazi iddiaları aradan qaldırılmalıdır. Lakin bunu etmək bir neçə səbəbdən asan deyil. Əvvəla, sırf hüquqi baxımdan konstitusiyaya, xüsusilə də konstitusiyanın əvvəlində yer alan preambulaya dəyişiklik etmək elə də asan deyil.

Bunun üçün uyğun hüquqi prosedurlar tapılmalı və bu prosedurlar üçün ümumi siyasi dəstək təmin olunmalıdır. İkincisi ,Ermənistan cəmiyyətinin əksəriyyəti Azərbaycanla sülh sazişinin imzalanmasını, belə bir sazişin zəruriliyini dəstəkləyir. Lakin bununla belə, Qarabağa dair Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etmək istəmir. Onlar özlərinəməxsus şəkildə bu ərazi iddialarını hansısa formada saxlayacaqlarına ümid edirlər, yəni “inək onlarınkıdır” deməyə davam etmək istəyirlər.

Ermənistandakı ictimai-siyasi təşkilatların hamısının belə bir preambulanın dəyişdirilməsini dəstəkləyəcəyini təsəvvür etmək çətindir, çünki bu məsələ Ermənistanda son dərəcə qeyri-populyardır. Bu səbəbdən də bu dəyişikliklərin baş verməsi hazırkı siyasi şəraitdə olduqca az ehtimallı görünür”.

Asan deyil, amma vacibdir

 Politoloq qeyd edib ki, texniki və siyasi baxımdan Ermənistan Konstitusiyasını dəyişmək asan deyil, amma vacibdir. Digər məsələ Azərbaycan tərəfindən Ermənistan qarşısında sülh sazişinin imzalanması üçün irəli sürülən başqa bir tələb var ki, onu yerinə yetirmək çox asandır. Söhbət ATƏT-in Minsk Qrupunun ləğvindən gedir:

"Məsələ bundadır ki, Minsk Qrupunun mövcudluğu özü Qarabağ məsələsinin hələ də gündəmdə olduğunu göstərir. Bu isə Ermənistanın Qarabağa dair iddialarının bir forması kimi qəbul olunur. Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı təklifini dəstəkləmək Ermənistan üçün texniki baxımdan son dərəcə asandır. Bunun üçün sadəcə prezidentin qərarı, Ermənistanın Xarici İşlər

Nazirliyinin bəyanatı və ATƏT-in katibliyinə ünvanlanacaq bir məktub kifayətdir. Bu, tamamilə texniki və sadə bir prosesdir. Bu addımın indiyədək atılmaması isə onu göstərir ki, Ermənistan rəhbərliyində Azərbaycanla razılaşmaya getmək üçün siyasi iradə yoxdur. Paşinyanın təşəbbüslərinə gəldikdə, bu, daha çox hiyləgər manevrlər və aldadıcı gedişlər təsiri bağışlayır. Məsələ burasındadır ki, Paşinyan Konstitusiyanın preambulasına dəyişiklik edilməsini digər konstitusiya dəyişiklikləri ilə əlaqələndirmək istəyir.

Bir çoxlarının fikrincə, Paşinyan Ermənistan Konstitusiyasını yenidən elə dəyişmək istəyir ki, ölkədə əsas dövlət vəzifəsi prezident vəzifəsi olsun və özü də bu posta yiyələnmək niyyətindədir. Onun həyata keçirmək istədiyi başqa dəyişikliklər də var. Paşinyan bu müxtəlif dəyişiklikləri bir-biri ilə əlaqələndirmək istəyir. Lakin Konstitusiyaya dəyişiklik ehtimalı ilə bağlı bu cür qeydlər əvvəllər də olub və bu ideyalar hələ də o qədər qeyri-müəyyəndir ki, Paşinyanın bu yola getməyə hazır olduğuna inanmaq çətindir.

Üstəlik, yuxarıda qeyd etdiyim kimi, ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi artıq konkret və müstəqil bir tələbdir. Bu, Ermənistan üçün yerinə yetirilməsi çox asan olan məsələdir. Ancaq Nikol Paşinyan hələ də bu addımı atmaq üçün özündə siyasi iradə tapa bilmir”. 

Bu, siyasi intihara bərabərdir

Rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov da açıqlamasında 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcəyini xatırladıb: 

“Seçkilərə bir il qalmış aparılan müstəqil araşdırmalara əsasən, həm Nikol Paşinyanın, həm də onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının reytinqləri arzu olunan səviyyədə deyil, yəni  inamlı qələbə hələlik mümkün görünmür. Bu durum 2023-cü il, hətta 2020-ci ilin payızında yaşananların əks-sədası kimi dəyərləndirilə bilər.

Ermənistan cəmiyyətinin böyük bir hissəsi hesab edir ki, Qarabağın tam şəkildə Bakının nəzarətinə keçməsi, bu prosesin erməni əhalisinin kütləvi şəkildə bölgəni tərk etməsi ilə müşayiət olunması, eləcə də İkinci Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyətin məsuliyyəti tam şəkildə Paşinyanın və onun hökumət və parlamentdəki komandasının üzərinə düşür. Əgər Paşinyan indi açıq şəkildə etiraf etsə ki, Ermənistan Konstitusiyasına dəyişikliklər Bakının təzyiqi ilə edilir, bu, faktiki olaraq onun hökumət başçısı və ölkənin de-fakto lideri kimi acizliyini tam şəkildə qəbul etməsi demək olacaq.

Bu isə siyasi intihara bərabərdir. Böyük ehtimalla elə buna görə də Ermənistanın gələcəyi üçün vacib və zəruri olan bu qərar – ölkənin “yenidən yüklənməsi” üçün atılan addım  cəmiyyətə fərqli “qablaşdırmada” təqdim edilir”. 

Rüşvətdən maksimum istifadəyə çalışacaq
 
Ekspertin fikrincə, 2018-ci ildən bəri Ermənistanda keçirilən seçkilərin metodlarını nəzərə alaraq demək olar ki, Paşinyanın hökuməti istədiyi nəticəni əldə etmək üçün bütün mümkün vasitələrdən – inzibati resursdan, təzyiqdən və sadə dillə desək, rüşvətdən maksimum istifadə etməyə çalışacaq: 

“Amma onun üçün əsas məsələ bu prosesin doğura biləcəyi etirazların miqyasını minimuma endirməkdir. Belə ki, bu etirazlar kütləvi iğtişaşlara və nəticədə dövlət çevrilişinə çevrilə bilər. Bütün çətinliklərə baxmayaraq, düşünürəm ki, rəsmi Bakı Paşinyanın Ermənistanda hakimiyyətdə qalmasında maraqlıdır. Çünki “Vətəndaş Müqaviləsi” Partiyasının seçkidə məğlubiyyəti və ya daha betəri, dövlət çevrilişi halında Ermənistanda hakimiyyətə revanşist əhval-ruhiyyəni qızışdıran, o cümlədən “Qarabağ klanı”nın nümayəndələrinin gəlməsi ehtimalı yüksəkdir.

Belə bir vəziyyətdə rəsmi Bakı üçün onlarla dialoq aparmaq çox daha çətin olacaq. Azı bu qədər. Ona görə də Bakıdakı siyasi dairələr üçün sual belə qoyula bilər: əsas məsələ Paşinyanın hansı sözlərlə və hansı yolla bunu etməsi,  yoxsa mümkün qədər tez Ermənistan Konstitusiyasında lazım olan dəyişiklikləri həyata keçirməsidir? Yoxsa biz ondan mütləq açıq etiraflar, siyasi rüsvayçılıqlar gözləməliyik, amma bu halda da gözlənilən real nəticə əldə olunmayacaq?” 

Səbinə Uğur
"Cebheinfo.az"