Yumurtlayan toyuq, yaxud 1 sot torpaq: İnsanı yardımdan niyə məhrum edir?

Vətəndaşların problemlə qarşılaşdığı əsas sahələrdən biri də ünvanlı sosial yardımdır.
Son günlər sosial şəbəkələrdə vətəndaşların bu sahədə üzləşdiyi bir sıra çətinliklər öz əksini tapır. Belə problemlərdən biri kimi göstərilir ki, məsələn, həyətdə yumurtlayan ördəyə görə, Zaqatala sakininin ünvanlı sosial yardımla bağlı müraciətinə imtina gəlib. Qeyd edilir ki, kimin heyvanı varsa, kəsib yesin, yoxsa ona sosial yardım verilməyəcək. Qeyd edək ki, ümumiyyətlə, kənd sakinlərinin hər birinin həyətində ev quşlarının olması adi bir haldır. Əgər bir aztəminatlı ailənin toyuğu varsa, ancaq yeməyə çörəyi yoxdursa, demək, həmin ailəyə ünvanlı sosial yardım verilmir? Vətəndaşlar nə vaxtadək həlli tapılmayan problemlərlə qarşılaşacaqlar?
Məsələ ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev “Cebhe.info”-ya bildirdi ki, ünvanlı sosial yardımla bağlı müxtəlif problemləri müşahidə ediblər:
“Mən də belə bir məlumat aldım ki, Zaqatala rayonunda bir qadına Dövlət Sosial Müdafiə Fondundan “10 ördəyin var və sizə ünvanlı sosial yardım düşmür” deyiblər. Yaxud yumurtayırsa, ona görə də ünvanlı sosial yardım verə bilmərik. Tovuz rayonunda bir nəfər bildirib ki, onun həyətinə qonşunun toyuğu keçibmiş, ona da imtina veriblər. Bu cür primitiv, absurd məqamlara görə vətəndaşlara imtina gəlir. Əslində bizim partiyaya olan müraciətlərdə də belə məqamlara rast gəlinir. Məsələn, bir nəfərin adına olan 1980-ci illərin “VAZ 21- 06” markalı köhnə bir avtomobil varsa, o maşına görə onun sahibinə ünvanlı sosial yardımla bağlı imtina gəlib. Belə absurd məqamlar var. Əgər bu dövlət öz vətəndaşına yardım görstərmək istəyirsə, qanunda bir qədər güzəşt etməlidir. Vətəndaşa belə bir yardım etmək istəyirlərsə, xırda nüanslara diqqət yetirilməməlidir. Əgər həyətində bir toyuq, yaxud bir sot torpaq artıqdırsa, bunu bəhanə etməməlidirlər. Məsələn, Bakıda fərdi həyət evləri var ki, 2 sot torpaq sahəsi var və 1 sotunda ev tikilib. Bildirirlər ki, 1 sotunda əkinlə məşğul olmalısan. Bakı şəhərində hansı vətəndaş əkin-biçinlə məşğul olur, yaxud əkini sərmayəyə çevirib bazarda sata bilir? Bu mümkün deyil. Bu kimi xırda amillərlə bağlı vətəndaşları süründürməçiliyə salırlar. Bu, sadəcə qurumların səriştəsizliyi, qanunu düzgün qiymətləndirməməsindən irəli gəlir”.
İqtisadçı-ekspert Əkrəm Həsənov da bu kimi problemlərlə bağlı ona müraciət edildiyini bildirib:
“Təxminən bu kontekstədir ki, adına köhnə bir avtomobil var, yaxud Bakıda yaşayır, rayonda adına pay torpağı var. Bu əsasla onlara ünvanlı sosial yardım vermirlər. Bu məsələ Dövlət Sosial Müdafiə Fonduna aid olan problem deyil. Çünki onlar qanuna əməl edir və qanunda da ümumi şəkildə yazılıb ki, əmlakı var. Bu işlə məşğul olanlar da məmurdur və buna uyğun davranırlar. Ona görə qanunvericilikdə dəqiqləşdirməyə ehtiyac var. Əmlak dedikdə nə başa düşülür? Yəni hansı qiymətdən yuxarı olan əmlak nəzərdə tutulur? Yaxud da digər meyar qoymaq olar ki, onun maddi rifahına, dolanışığına təsir edən əmlakı varmı? Məsələn, qiyməti 30 mindən yuxarı olan avtomobili varsa, bunu başa düşmək olar. Hətta onu taksi kimi istifadə etmək olar, qazanc mənbəyidir. Yaxud adına elə daşınmaz əmlak var ki, icarəyə verib pul qazanmaq olar. Yoxsa kənddə adına pay torpağının olmasının nə əhəmiyyəti var? Hətta həmin pay torpaqları bir nəfərin adına deyil, bir neçə nəfərin adına olur.
Heç bilmir ki, onu necə istifadə etsin. Bu, qanunvericilikdə olan problemdir, dəqiqləşdirməyə ehtiyac var. Meyarları daha dəqiq etmək lazımdır ki, insanlar ünvanlı sosial yardımdan məhrum olmasınlar. Ancaq bu günə olan vəziyyət təəssüf ki, belədir”.
Nigar Abdullayeva
“Cebhe.info”