Həmin üç xanıma ağır cəzalar tələb edildi

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə ittiham olunan qadınların 1 ildən çoxdur davam edən səs-küylü məhkəmə istintaqı başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovin sədrliyi ilə keçirilən bugünkü iclasda çıxışlar mərhələsinə başlanılıb.
Əvvəlcə Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın iş materiallarının tədqiqi aparılıb. Aynurun səhhəti ilə bağlı vəkili tərəfindən məhkəməyə həkim rəyi təqdim edilib. Onun müalicəsinin təşkilinə şərait yaradılması xahiş edilib.
Məhkəməyə sədrlik edən hakim Azad Məcidov vəkildən səbirli olmasını istəyərək, “Elə bilirsiniz, biz ürəksiz adamlarıq? Müşavirə otağında bu məsələyə də baxacağıq”, - deyə ona cavab verib.
Demək olar, bütün proses boyu cinayətin üstünün açıldığı ərəfələrdə Nuridə ilə Aysel arasındakı danışıqlar dinlənilib. Səs yazılarından görünür ki, Aysel baş verənlərdən narahatdır. Bu səbəbdən Nuridədən şikayətçiləri yola gətirməsini istəyir.
Sonrakı yazılarda artıq Ayseli polisə çağırıblar. Nuridə də ona müstəntiqə çox şey danışmaması haqda məsləhətlər verir: “Çalış panikaya düşmə. Ağzına gələni də danışma. Nə qədər az məlumat versən, o qədər yaxşıdır. Xəstələrlə bağlı isə qətiyyən məlumat vermə, onlara əlavə bonus verərsən. Yoxsa faciə olacaq. Bəri başdan deyirəm”.
Ayselin Nuridə ilə növbəti danışığında artıq söhbət böyüyüb. Aynur Bayramova da şikayətçilərlə birgə polisə müraciət edib. Aynur da Nuridədən şikayətçi olub: “Aynur hamını ayağa qaldırıb. İş işdən keçib. Mir Cəlal Kazımi də deyir ki, ödəniş olmasa, gömrük də ayağa qalxacaq.”
Səs yazılarında xanımlar bir-birini ittiham edib. Nuridənin əməlini dələduzluq hesab etmədiyini deməsi isə hakim Şəlalə Həsənovanı özündən çıxarıb: “Mən bu işə qoşulandan aydınlaşdıra bilmirəm ki, siz niyə fond yaradırdınız. Hacı Zeynalabdin milyonçu idi, xeyirxahlıq üçün fond yaratmışdı. Sizin məqsədiniz nə idi?”
Digər sənədlərə baxışdan sonra məhkəmə istintaqı tamamlanıb. Prokuror bəyan edib ki, xanım müttəhimlərin üçünə də verilmiş ittihamlar məhkəmə istintaqında zərərçəkmiş və şahidlərin ifadələri, həmçinin özlərinin qismən etirafedici ifadələri ilə təsdiqini tapıb. Bu əsasla xanımlar hər biri qanunun tələbinə uyğun cəzalandırılmalıdırlar.
Prokuror müttəhimlərin külli miqdarda zərər vurmaqla dələduzluqda təqsirli bilinmələrini, Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il, Aysel Məmmədovanın isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təyin olunacaq cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.
Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə işçiləridir. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər.
İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
"Cebheinfo.az"