Çin Trampı yalançı çıxartdı: Danışıq qalmaqalı

Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın tarif məsələsi ilə bağlı Çin Prezidenti Si Cinpinlə görüşməsi ilə bağlı iddialarını təkzib edib.
"Cebheinfo.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırıb:
"Bildiyim qədər, iki ölkənin dövlət başçıları arasında son vaxtlar telefon danışığı olmayıb. Bir daha qeyd etmək istərdim ki, Çin və ABŞ tariflərlə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmayıb".
ABŞ Prezidenti Donald Tramp aprelin 25-də “Time” jurnalına verdiyi müsahibədə, daha sonra Papa Fransiskin dəfnində iştirak etməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Çin Dövlət Başçısı Si Cinpin ilə tariflərlə bağlı danışdığını iddia edib və detalların lazımi vaxtda açıqlanacağını bildirib.
Qeyd edək ki, Çin ABŞ Prezidenti Donald Trampın aprelin 2-də açıqladığı “qarşılıqlı tariflərə” reaksiya verib və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb. Vaşinqton administrasiyası digər ölkələrə tətbiq etdiyi qarşılıqlı tarifləri 90 gün təxirə salsa da, Çini hədəf alan tariflər artıq qüvvəyə minib.
ABŞ Prezidenti Tramp aprelin 23-də Oval Ofisdə keçirilən imza mərasimində ABŞ və Çin arasındakı tarif mübahisəsindən danışaraq, bu mövzuda Çinlə "danışıqların aktiv olduğunu" deyib. Çinin Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyinin sözçüləri dünən Trampın iddiasını təkzib edən açıqlamalar veriblər. Buna baxmayaraq, ABŞ Prezidenti danışıqların davam etdiyinə dair iddiasını təkrarlayıb. Pekin Vaşinqtonu danışıqlarla bağlı ictimaiyyəti çaşdırmaqda ittiham edib.
Nigar Hacılı
"Cebheinfo.az"