Bakıda tarixi forum: Beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı

Bakıda tarixi forum: Beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı

Bu gün Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilib. 

Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər. Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib. 

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Bakıda keçirilən bu forum təkcə Qlobal Cənub ölkələrinin QHT-ləri üçün bir toplantı deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcını ifadə edir: 

“110-dan artıq ölkədən 300-dən çox QHT nümayəndəsinin iştirakı ilə reallaşan bu tədbir coğrafi əhatə dairəsinə görə dünyanın üçdə ikisini təmsil edən bir güc mərkəzini Bakıya toplayıb. Forumun əhəmiyyəti bir neçə əsas aspektdə özünü göstərir. Bunlardan biri yeni beynəlxalq platformanın təsis edilməsidir. 

Ənənəvi güc mərkəzlərindən kənarda yerləşən ölkələrin vətəndaş cəmiyyətlərinin bir araya gələrək ortaq hədəflər və yanaşmalar formalaşdırması daha ədalətli, inklüziv və çoxqütblü bir dünya nizamının qurulmasına real töhfə verir. 5 əsas plenar və 12 paralel sessiyada müzakirə olunan mövzular yeni həmrəyliyin konkret formatlarını müəyyən edib. Qlobal ədalət və bərabərlik çağırışı Forum Qlobal Cənub ölkələrinin resurslara, texnologiyalara, maliyyə imkanlarına bərabər çıxış hüququnun müdafiəsini gündəmə gətirir. 

Tədbirdə 7 yeni qlobal çağırış sənədi layihəsinin irəli sürülməsi bu səylərin strukturlaşmış və sistemli xarakter daşıdığını göstərir. Bu, mövcud qeyri-bərabər beynəlxalq münasibətlər sisteminə qarşı yönəlmiş dinc və ardıcıl təşəbbüsdür”. 

O qeyd edib ki, Azərbaycanın rolu və beynəlxalq statusu, belə bir qlobal platformaya ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş və regional, hətta qlobal səviyyədə təşəbbüskar qüvvə kimi nüfuzunu daha da artırır: 

“Forumda müxtəlif regionlardan onlarla media qurumunun iştirakı Azərbaycanın informasiya mərkəzi rolunu da gücləndirir. Bakı bu forumla həm də “qovuşdurucu körpü” rolunu təsdiqləmiş olur. 

Vətəndaş cəmiyyətinin qlobal təsir imkanlarının genişlənməsi, QHT-lərin sadəcə yerli deyil, beynəlxalq səviyyədə də qlobal problemlərin həllində iştirak etmək potensialının artırılması, müstəqil və şaxələnmiş dünyəvi platformaların gücləndirilməsi baxımından forum tarixi bir hadisədir. Ən əsası, tədbirdə yeni əməkdaşlıq formatları çərçivəsində 20-dən çox ortaq təşəbbüs formalaşdırılıb. 

Forum yalnız müzakirələr üçün bir məkan deyil, həm də yeni əməkdaşlıq formatlarının, təşəbbüslərin və strateji tərəfdaşlıqların başlanğıc nöqtəsidir. Müxtəlif qitələrdən olan QHT-lərin təcrübə mübadiləsi, ortaq problemlərə ortaq həll yolları tapmaq təşəbbüsü forumun dinamik ruhunu ifadə edir”. 

Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət xüsusi önəm daşıyır:

“Prezident İlham Əliyev müracətində dünya sistemindəki qeyri-bərabərliklərə qarşı ədalət və bərabərlik ideyalarının irəlilədilməsinin vacibliyini vurğuladı. Dövlət başçısı Qlobal Cənubun vahid səslə çıxışının və yeni beynəlxalq nizamın qurulmasında iştirakının zəruriliyini qeyd etdi. Cənab Prezidentin müraciəti forumun ideoloji xəttini və strateji istiqamətini müəyyən edən əsas sənədlərdən biri oldu”. 

Elmir 
“Cebheinfo.az”