Trampın “təmizlik” planı: Evsizlər məcburi ruhi xəstəxanalara yerləşdiriləcək

ABŞ-də Tramp administrasiyası sürətlə artan evsiz əhali problemini nəzarət altına almaq üçün yeni və qalmaqallı bir plan üzərində işləyir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Amerikanın aparıcı qəzeti “The Washington Post” məlumat yayıb. Belə ki, Ədliyyə Nazirliyi son zamanlarda evsizlik məsələsinə dair fəaliyyətlərini intensivləşdirib və plan çərçivəsində evsizlərin zorla ruhi xəstəxanalara yerləşdirilməsi də gündəmə gəlib.
Eyni zamanda, evsizlərin ölkənin müxtəlif bölgələrində qurduğu düşərgələrin dağıdılması istiqamətində də işlərə başlanılıb. Tramp administrasiyası hazırda ölkə miqyasında evsiz düşərgələrini dağıtmağın və psixi problemləri olan şəxsləri razılıqları olmadan xəstəxanalara yerləşdirməyin yollarını axtarır.
Ədliyyə Nazirliyi evsizlik və psixi xəstəliklərlə bağlı problemlərin həlli üçün resursların necə daha səmərəli yönəldilə biləcəyini müəyyən etmək məqsədilə 8 sualdan ibarət bir sorğu hazırlayıb. Bu suallardan biri bu olub:
"Ədliyyə Nazirliyi, ciddi psixi pozğunluğu olan və digər yollarla müalicəni qəbul etməyən şəxslərin razılığı olmadan xəstəxanalara yerləşdirilməsi praktikasını daha geniş tətbiq etmək üçün nə edə bilər?"
Digər bir sual "Ədliyyə Nazirliyi küçələrdə boş gəzən şəxslərin ictimai yerlərdən uzaqlaşdırılması və bu yolla həm asayişin təmin olunması, həm də resursların daha səmərəli istifadəsi üçün necə daha təsirli tədbirlər görə bilər?", - deyə qeyd olunub.
“The Washington Post”un məlumatına görə, bu aqressiv tədbirlərin dövlət qurumlarında aktiv şəkildə müzakirə olunması belə Tramp administrasiyasının əvvəlki məskunlaşma siyasətlərindən kəskin şəkildə uzaqlaşdığını göstərir.
Amerikanın ən böyük problemlərindən biri olan narkotik asılılığı son illərdə yüz minlərlə insanın ölümünə səbəb olub. Tramp administrasiyası və bəzi respublikaçı siyasətçilər isə ölkədəki evsizlərin artmasını fentanil (güclü narkotik maddə) asılılığı ilə əlaqələndirirlər.
ABŞ-nin Kaliforniya ştatında Respublikaçı Partiyadan olan Reks Parris bələdiyyə şurasının evsizlik probleminə dair keçirilən iclasında "Onlara sadəcə pulsuz fentanil vermək istəyirəm. İstədikləri qədər fentanil onların olsun", - deyib.
Hökumət fondları ilə bağlı da əsaslı dəyişikliklər edən Tramp evsizliklə mübarizə üçün ayrılan maliyyə vəsaitində ciddi ixtisarlara gedib. Mütəxəssislər bu ixtisarların küçələrdə yaşayan insanların sayını daha da artıracağı barədə xəbərdarlıq edirlər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”