38 il sonra günahsız olduğu üzə çıxdı

İngiltərədə bir qadını öldürməkdə ittiham edilərək təxminən 38 il həbsdə qalan bir nəfərin məhkumluğu, yeni ortaya çıxan DNT sübutları nəticəsində apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
“Cebheinfo.az” xəbər verir ki, Peter Sallivan 1986-cı ildə Liverpul yaxınlığındakı Birkenhead şəhərində işlədiyi bardakı növbəsini başa vurub evinə gedərkən zorlanaraq qətlə yetirilən 21 yaşlı Diane Sindallın ölümü ilə bağlı məhkum edilmişdi.
Mümkün hüquqi səhvləri araşdırmaq üçün yaradılan Cinayət İşlərinə Yenidən Baxış Komissiyası (CCRC), hadisə yerindən götürülən sperma nümunələrində kimliyi naməlum olan başqa bir hücumçunun DNT profilinin aşkarlanmasından sonra işi ötən il məhkəməyə geri göndərmişdi.
Cəza çəkdiyi həbsxanadan video bağlantı ilə məhkəməyə qatılan Sallivana azad olunacağı bildirildikdə, o, hıçqıra-hıçqıra ağlayıb. Hazırda 68 yaşında olan Peter Sallivanın İngiltərə hüquq tarixində hələ də həyatda olan məhkumlar arasında ən uzun müddət haqsız yerə həbsdə qalan şəxs olduğuna inanılır.
Sallivanın vəkili tərəfindən səsləndirilən açıqlamasında “Mən nə qəzəbliyəm, nə də incik. Baş verənlər çox səhv idi, amma bu hadisənin dəhşətli bir həyat itkisi olduğunu unutmaq olmaz. Həqiqət sizi azad edəcək”, -deyib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”