Bu tələbələrin vizaları ləğv edilir

ABŞ Prezidenti Donald Trampın Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasını təmin edən sərəncamından sonra ölkə daxilində tələbələr və məzunlar üçün vizaların ləğvi artıb.
"Cebheinfo.az"-ın ABŞ mətbuatına istinadən xəbərinə görə, ölkənin aparıcı universitetlərində təhsil alan və ya bu yaxınlarda təhsilini başa vuran yüzlərlə tələbənin vizalarına xitam verilib. Kaliforniya Universitetinin (UCLA) rektoru Julio Frenk verdiyi açıqlamada 6 hazırkı və 6 məzunun vizalarının ləğv edildiyini təsdiqləyib.
Eyni şəkildə Kaliforniya Berkeley Universiteti 6 tələbəsinin, Stenford Universitetində isə 4 tələbə və 2 məzunun eyni şəkildə təsirləndiyini açıqlayıb.
Digər tərəfdən, ötən il Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Kolumbiya Universitetində təhsil alan 4 beynəlxalq tələbənin vizasının da ləğv edildiyi bildirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiya edilməsinə yol açan “antisemitizmlə mübarizə” mövzusunda sərəncam imzalamışdı.
ABŞ dövlət katibi Marko Rubio da martın 27-də "HƏMAS-ı dəstəklədiyini" iddia etdiyi ən azı 300 əcnəbi tələbənin vizalarının ləğv edildiyini açıqlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"