Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - qurumdan bildirilib.
Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqının ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenarilər nəzərdən keçirə biləcəyini bəyan etmişdi.
Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.
"Cebheinfo.az"