NASA Aya kosmik aparatın göndəriləcəyi tarixi açıqladı

ABŞ-ın Milli Aeronavtika və Astronavtika Agentliyi (NASA) "Athena" adlı kosmik aparatı fevralın 26-da Aya göndərəcək.
"Cebheinfo.az" xəbər verir ki, aparat Ayın ətraf mühiti haqqında daha çox məlumat əldə etməyə kömək edəcək.
"Athena" kosmik aparatı "Intuitive Machines" şirkətinin istehsalıdır və 6 martda Ayın Cənub qütbündəki Mons Mutton adlı əraziyə enəcək.
Aparatın tərkibində Ay torpağında qazların və digər uçucu maddələrin olub-olmamasını ölçən, çuxur açan cihaz və kütlə spektrometri olacaq.
"TRIDENT" adlı çuxur açan cihaz Ayın səthinə 1 metr qədər dərinlikdə çuxur açacaq və Yer üzündən uzaqdan idarə olunacaq.
"MSOLO" adlı kütlə spektrometri isə çuxurdan götürülən nümunələrdən çıxan qazları analiz edəcək. Bu cihaz Ayın səthinin altında su buzunun və digər qazların olub-olmaması ilə bağlı məlumat verəcək.
"Athena" kosmik aparatı "SpaceX2” şirkətinin istehsalı olan "Falcon 9" raketi ilə Florida ştatından buraxılacaq.
Bu, "Intuitive Machines" şirkətinin ikinci Ay eniş aparatıdır. Keçən ilin fevralında "Odysseus" adlı aparat da Ayın Cənub qütbünə yaxın olan bir bölgəyə eniş edib və Ayın səthinə beş elmi cihaz aparmışdı.
Bu, 50 ildən sonra ABŞ-nin Ay səthinə göndərdiyi ilk kosmik gəmi olub.
Bu missiya NASA ilə "Intuitive Machines" arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilir. Hazırda layihənin ümumi dəyəri 118 milyard dollar təşkil edir.
Səbinə Uğur
"Cebheinfo.az"