“Samsung” Rusiya bazarına qayıdır

“Samsung” Rusiya bazarına qayıdır

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” Rusiyanın Kaluqa və Moskva vilayətlərindəki fabrik və anbarları icarəyə götürməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, yerli mənbələrdən verilən məlumata görə, şirkətin istehsalat sahələrində intensiv işlər aparılır.

“Samsung”un Rusiyadakı törəmə şirkətləri “Samsung Electronics Rus Kaluga” və “Samsung SDS Rus” çoxlu sayda montaj operatorları, anbar nəzarətçiləri, keyfiyyətə nəzarət müfəttişləri və avtomatlaşdırılmış xətt operatorları üçün iş elanları dərc ediblər.
Namizədlərə aylıq 35-50 min rubl maaş təklif olunur.

Vəzifə təsvirinə montaj xəttində işləmək, texniki cihazların yığılması və təlim prosesini başa vurduqdan sonra qablaşdırma əməliyyatları kimi tapşırıqlar daxildir.

İş şəraiti ya növbəli sistem, ya da daimi iş olacaq.

Digər tərəfdən, “The Korea Times” qəzetindəki xəbərə görə, təkcə “Samsung” deyil; “LG” və “Hyundai Motor” da Rusiya bazarına qayıtmağı düşünür.

Qəzetin mənbələri “LG Electronics”in Moskvadakı fabrikində istehsalına qismən yenidən başladığını, “HD Hyundai Electric” isə Rusiya distribyutoru vasitəsilə öz məhsullarını “Elektro-2025” sərgisində təqdim etməyi planlaşdırdığını bildirib.

Cənubi Koreya nəhənglərinin bu addımları göstərir ki, Asiya istehsalçıları Qərb brendlərinin böyük ölçüdə geri çəkildiyi Rusiya bazarında öz mövqelərini dəyişdirirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"