İranda həbs olunan Fərid son söz deyə bilməyib

İranda həbsdə olan, məhkəmədən avqustun 3-nə qədər son söz üçün vaxt verilən azərbaycanlı gənc Fərid Səfərlinin məhkəməsi yaxın günlərdə baş tutacaq.
Bu barədə Cebhe.info-ya Fəridin anası Dilarə Əsgərova məlumat verib. Onun sözlərinə görə, Fəridin məhkəməsi sabahdan etibarən növbəti günlərin birində ola bilər:
“İranda dünən və bu gün iş günü olmadığı üçün məhkəmənin sabah və ya digər günlər olacağı gözlənilir”.
Almaniyada təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də İrana gedib və “casusluq” ittihamı ilə saxlanılıb. Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə, iyul ayının 19-da keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Fəridin anası Dialrə Əsgərova isə ittiham dəyişsə də, Fəridi ağır cəzanın gözləyəcəyini bildirib:
“Əslində ittiham dəyişsə də, yenə də ağır cəza ola bilər. Dəqiq bilmirəm ki, onu hansı cəza gözləyir, bu haqda ona məhkəmədə məlumat verildiyini soruşmamışam”.
Qeyd edək ki, Almaniyada birgə təhsil aldığı qızı görmək üçün fevralda İrana gedən Fəridlə martın 4-dən əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır. İndiyə kimi İranda Fərid Səfərliyə bir neçə məhkəmə qurulub.
Günay Şahmar
Cebhe.info