Orxan Əsgərovun atası edamda niyə iştirak etməyib? - “Çəkilişə icazə...”

Xəbər verdiyimiz kimi, İranın Tehran şəhərində yerləşən Azərbaycan səfirliyinə hücum edən şəxs (Yasin Hüseynzadə) bu gün Tehranda edam olunub.
Bu barədə İranın Məhkəmə Sisteminin informasiya portalında bildirilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.
“Cebheinfo.az” səfirliyə hücum zamanı qətlə yetirilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərovla əlaqə saxlayıb. Rizvan Əsgərov açıqlamasında bildirib ki, əvvəldən təyin olunmuş gündə edam həyata keçirilib:
“Əvvəldən xəbərimiz var idi. Amma edamda iştirak etmədim. Elə hüquqi məsələlər oldu ki, edam prosesində iştirak edə bilmədim. Görüntüləri də izləmədik, çünki çəkilişə icazə verilməyib. Biz bu xəbəri uzun zamandır gözləyirdik, demək olar ki, iki il yarımdır. Terrorçu layiqli cəzasını aldi.
Bu xəbər heç olmasa bizim acımıza bir az su səpdi, az da olsa sakitləşdik. Onsuz da Orxanı geri qaytarmaq mümkün deyil. Onun yoxluğunda biz özümüzü daim günahkar hiss edirdik ki, qatili hələ də azadlıqda gəzir, cəzasına çatmayıb. Şükürlər olsun ki, bu gün edam hökmü icra olundu".
Əfsanə Rəcəb
“Cebheinfo.az”