Azərbaycan I rübdə TANAP ilə qaz nəqlini 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,4 milyard kubmetrə yaxın qaz nəql edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, illik müqayisədə 0,1 milyard kubmetr və ya 7,7 % çoxdur.
Ümumilikdə, bu ilin ilk rübündə Azərbaycandan xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin eyni rübü ilə müqayisədə 0,4 milyard kubmetr və ya 6,25 % azdır.
Eyni zamanda, ilin yanvar-mart aylarında Azərbaycan Avropaya 3 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə Avropaya qaz satışı 0,2 milyard kubmetr və ya 6,25 % azdır.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb, Gürcüstana qaz ixracı isə 0,2 milyard kubmetr və ya 22,2 % azalıb.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
"Cebheinfo.az"