"Fitch Ratings": Azərbaycan banklarının likvidlik səviyyəsi yüksəkdir

"Fitch Ratings": Azərbaycan banklarının likvidlik səviyyəsi yüksəkdir

ABŞ-nin tətbiq etdiyi tarif siyasətinin "MDB+” regionuna, o cümlədən Azərbaycana birbaşa təsiri minimaldır, çünki ABŞ-yə ixrac həcmləri məhduddur.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi MDB+ neft ixrac edən ölkələrin banklarının isə neft və qaz sektoruna birbaşa təsiri aşağıdır və likvidlik səviyyələri güclüdür.

Bildirilib ki, xarici öhdəlikləri yüksək olan ölkələrdə, xüsusən Özbəkistanda dövlət banklarının yenidən maliyyələşdirilməsi bahalaşa bilər, lakin dövlət dəstəyi və əksər xarici borclanmaların beynəlxalq maliyyə institutları tərəfindən güzəştli şərtlərlə uzunmüddətli olması bu riskləri azaltmağa kömək edir.

"ABŞ dolları əsas tarif artımlarından sonra zəifləyib, lakin bu tendensiya dəyişərsə, yüksək dollarlaşma səviyyəsinə malik ölkələrdə milli valyutanın ucuzlaşması aktivlərin keyfiyyətini azalda bilər. Bununla belə, əksər banklar orta səviyyəli zərərləri qarşılamaq qabiliyyətinə malikdir və ehtiyac yaranarsa, hakimiyyətlər milli valyutaya dəstək verə bilər" - "Fitch"in hesabatında qeyd olunub.

“Cebheinfo.az"